“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib

Noyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar, Azərbaycan Banklar Assosasiyasının prezidenti Zakir Nuriyev, “Kapital Bank”ın baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri,  müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, smart tələbə kartlarının hazırlanması ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilir. Nazir müavini qeyd edib ki, artıq ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında müasir ödəniş funksionallı kartların hazırlanaraq tələbələrə təqdim olunması istiqamətində işlər aparılır.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev də bu layihənin ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacağını qeyd edib. O vurğulayıb ki, tələbələrin bu layihəyə cəlbi bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq.

UNEC-in rektoru Ədalət Muradov dünyanın aparıcı universitetlərinin tətbiq etdiyi “Smart tələbə kartı”na Azərbaycanda ilk dəfə UNEC tələbələrinin sahib olduqlarını vurğulayıb.  Ədalət Muradov UNEC-də son 5 ildə uğurla tətbiq olunan elektron universitet modelinin üstünlüklərindən söz açıb, “Smart tələbə kartı”nın həmin model çərçivəsində həyata keçirildiyini qeyd edib.

Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar da öz növbəsində bu kartın tələbələrə verəcəyi üstünlüklərdən danışıb.

“Kapital Bank”ın baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə smart tələbə kartlarının funksionallığı və ödəniş imkanları haqqında məlumat verib.

Sonda “smart tələbə kartı” barədə təqdimat nümayiş etdirilib və universitetin birinci kursunda təhsil alan, Prezident təqaüdünə layiq görülmüş 20 tələbəyə kartlar təqdim olunub.

Tədbirdə bildirilib ki, “smart tələbə kartı” vasitəsilə tələbələr təqaüdlərini alacaq, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirə biləcəklər. Həmçinin regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə “smart tələbə kartı”nın əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsinin nəzərdə tutulduğu vurğulanıb.

Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, UNEC, “Mastercard” və “Kapital Bank”ın dəstəyi ilə həyata keçirilir.

ƏvvəlkiPeşə təhsili müəssisələrindən 474 nəfər ixtisasartırma təlimlərinə cəlb olunub
NövbətiUNEC-də akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd edilib