Türkiyənin yeni “İHA-300” hipersəs raketi 250 kilometrdən çox məsafədə yerləşən hədəfi dəqiq vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə “ROKETSAN” müdafiə şirkətinin baş direktoru Murat İkinci jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, qısamənzilli ballistik raketin sınaq buraxılışı “AKINCI” zərbə PUA-sından həyata keçirilib. Hədəf Qara dənizin akvatoriyasında vurulub.
“Uçuş məsafəsi 300 kilometrədək olan bu “hava-yer” tipli hipersəs raketləri sayəsində Türkiyə Hərbi Hava Qüvvələrinin imkanları əhəmiyyətli dərəcədə genişlənəcək. Biz bu istiqamətdə işlənib hazırlanan məhsulların siyahısını genişləndirməyi hədəfləyirik”, – deyə “ROKETSAN”ın rəhbəri bildirib.
O qeyd edib ki, yeni raketlərin həm hərbi təyyarələrin, həm də zərbə tipli pilotsuz uçuş aparatlarının silahlanmasına daxil edilməsi planlaşdırılır.
“ROKETSAN”ın baş direktoru, həmçinin 1000 kilometrdən çox məsafədəki hədəfləri vurmaq imkanına malik digər Türkiyə ballistik raketi olan “TAYFUN Blok-4”ün yaxın zamanda seriyalı istehsalına başlanacağını açıqlayıb.





















































