Koronavirus pandemiyasının yaratdığı böhranlı dövrdən Türkiyənin uğurla çıxması ölkə üzrə şəhər xəstəxanaları şəbəkəsinin yaradılması ilə yanaşı, həm də səhiyyə sisteminə ciddi investisiyaların yatırılması sayəsində mümkün olub. Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunan səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun şəhərində yeni şəhər xəstəxanasının açılışında deyib.
Dövlət başçısı şəhər xəstəxanalarının yaradılmasını “reallığa çevrilmiş arzu” adlandırıb.
Onun sözlərinə görə, hazırda Türkiyədə 27 şəhər xəstəxanası fəaliyyət göstərir və yaxın vaxtlarda onların sırasına bütün zəruri imkanlarla təchiz edilmiş daha 13 müasir tibb müəssisəsi əlavə olunacaq. Daha 8 şəhər xəstəxanası isə layihələndirmə mərhələsindədir.
“Bu xəstəxanalar koronavirusla mübarizədə çox mühüm missiyanı yerinə yetirib. Tibb işçilərimizin fədakarlığı nəticəsində Türkiyə pandemiyanın çətin günlərinin öhdəsindən səmərəli gəlməyi bacaran azsaylı ölkələr sırasına daxil olub”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.





















































