Teymur Rəcəbov Levon Aronyanın təxribatçı bəyanatına cavab verib

Şahmat hər hərəkətin dərin düşüncə və diqqətli təhlil tələb etdiyi strategiya və intellekt dünyasıdır. Bu oyunda manipulyasiya və yalan üçün yer yoxdur, bizi dürüst və ədalətli olmağa öyrədir. Qrosmeysterlər yüksək şahmat titullarının daşıyıcıları kimi təkcə lövhədə deyil, həm də açıqlamalarında dürüstlüyə riayət etmək məcburiyyətindədirlər. Lakin təəssüf ki, bu, erməni şahmatçısı, üçqat Olimpiya çempionu Levon Aronyana şamil edilmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın aparıcı şahmatçısı Teymur Rəcəbov özünün feysbuk hesabında erməni şahmatçısı Levon Aronyanın sosial şəbəkədəki postunu şərh edərkən yazıb.

“44 günlük İkinci Qarabağ müharibəsi zamanı Aronyan deyirdi və yazırdı ki, guya “silah götürməyə, döyüşə getməyə hazırdır”. Təbii ki, Azərbaycana qarşı döyüşməyə.

Lakin riyazi düşüncəyə sahib olan Aronyan açıqlaması ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını faktiki olaraq dəstəklədiyini, Xankəndidəki separatçıları ruhlandırdığını və bununla da bölgədəki vəziyyətin daha da gərginləşməsinə öz “töhfəsi”ni verdiyini düşünürdümü?”, – deyə Teymur Rəcəbov şahmatın sülh və diplomatiyanın simvolu olduğunu, hətta soyuq müharibə dövründə şahmatçıların vasitəçi və sülh rəmzi olduqlarını vurğulayaraq soruşur.

Teymur Rəcəbov xatırladıb ki, ermənilər və azərbaycanlılar əsrlər boyu yan-yana, mehriban qonşuluq şəraitində yaşayıb, birlikdə çalışıb, sevinib və kədərləniblər. Lakin 1990-cı illərdə qonşularımızın, eləcə də Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərinin şüuru erməni şovinizmi, separatizmi, “irqi, milli və digər üstünlük” ideyalarının təsiri altına düşüb.

Azərbaycan şahmatçısı öz şərhində qeyd edir: “44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri ölkənin təxminən 30 il erməni işğalı altında qalan yeddi rayonunu azad etdikdə, Ermənistanı təslim olmağa və ümumi məğlubiyyəti etiraf etməyə məcbur edəndə Levon Aronyan susurdu.

O, Azərbaycan əsgərlərinin bütün evlərin və tikililərin xarabalığa çevrildiyi, tamamilə dağıdılmış kəndləri, rayon mərkəzlərini, qəsəbələri və şəhərləri göstərəndə susurdu. Aronyan erməni işğalçıları tərəfindən yerlə-yeksan edilmiş Ağdam şəhəri – “Qafqazın Xirosiması”, dağıdılmış və ya tövləyə çevrilmiş məscidlər, ibadət evləri, vəhşicəsinə işgəncələrə məruz qalmış, qətlə yetirilmiş on minlərlə azərbaycanlı Ermənistanın, erməni işğalçılarının və separatçı dəstələrin ölkəmizə vurduğu saysız-hesabsız ziyanlar haqqında heç nə deməyib. Xeyr, o, inadla susurdu. İndi isə danışdı”.

Erməni şahmatçısının feysbuk səhifəsində Azərbaycana qarşı irəli sürdüyü ittihamlara cavab olaraq, erməni təbliğatının və Qarabağ ermənilərinin guya “blokadada olduqları, qida məhsulları və dərmanların olmadığı” barədə dezinformasiyanı sözbəsöz təkrarlayan Teymur Rəcəbov yazır: “Ağdam-Xankəndi yolunun fəaliyyət göstərdiyi, NBM-nin işlədiyi, hər iki tərəfə hərəkət edən yüklərin yoxlanıldığı təqdirdə, söhbət hansı “blokada”dan gedir? Məhz Azərbaycanın səyləri sayəsində hər iki – Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları fəaliyyətə başlayıb. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpağıdır, bunu həm dünya birliyi, həm də son vaxtlar Ermənistan etiraf edir. Orada yaşayan ermənilər də Azərbaycana inteqrasiya etməlidirlər. Ağdam-Xankəndi yolunu bağlamaq deyil, Azərbaycan dövlətinin təklif etdiyi ərzaqı qəbul etməlidirlər”.

Levon Aronyanın “baş verənlər haqqında danışmaq” çağırışını şərh edən Teymur Rəcəbov vurğulayır: “Tamamilə razıyam, Aronyan, gəlin susmayaq, Ermənistanın Xocalıda Azərbaycan xalqına qarşı törətdiyi əsl soyqırımından, günahsız və silahsız insanların, güllələnmiş qocaların və süngülərə keçirilmiş körpələrin, diri-diri yandırılan hamilə qadınların, ölənə qədər döyülmüş uşaqların qətli, daş üstə daş qalmayan, məhv edilmiş şəhər və kəndlər, hələ uzun illər minalardan təmizlənəcək sahələr haqqında danışaq.

Gəlin dürüst olaq. Qrosmeysterin dürüstlüyü, sadəcə, etik standart deyil, həm də şahmat ictimaiyyəti, bütövlükdə cəmiyyət tərəfindən hörmət və etimadın açarıdır. Hər bir yalan açıqlama şahmatçıya inamı sarsıdır və bütün şahmat dünyasının nüfuzuna xələl gətirir.

Unutmayaq ki, qrosmeysterlər öz sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər”.

ƏvvəlkiŞəhriyar Məmmədyarovdan Aronyana cavab: Məncə, sifarişli gediş etdin
NövbətiDünya çempionatı: Azərbaycan güləşçisi medal görüşündə uduzub