S&P: “Azərbaycan iqtisadiyyatı bu il 3,5 % böyüyücək”

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi, 2021-ci ildə 5,6 %-dək bərpa olunan Azərbaycan iqtisadiyyatının bu il 3,5 % böyüyəcəyini proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings”in Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.

Sənədə əsasən, bu proqnoz əsasən qaz hasilatının artımını, qeyri-neft sektorunda canlanmanı və neft hasilatının cüzi azalmasını əks etdirir. “Bununla belə, ortamüddətli artım perspektivləri daha zəifdir – 2023-2025-ci illər ərzində orta hesabla illik 1,3 % böyümə- köhnəlmiş yataqlar səbəbindən neft hasilatının azalması fonunda, qaz ixracının artımı ilə qismən kompensasiya ediləcəyi ehtimal edilir”, – məlumatda deyilir.

S&P analitikləri Azərbaycan iqtisadiyyatını hazırda əlverişli qlobal neft qiymətlərindən faydalanan karbohidrogen sektorundan böyük həcmdə aslı olduğunu qeyd edirlər. Neft və qaz ixracın 90 %-ni və ÜDM-nin təxminən 50 %-ni təşkil edir.

“Azərbaycan üçün əlverişli ticarət şərtlərinin 2022-ci ilin sonuna və 2023-cü ilə qədər davam edəcəyini proqnozlaşdırırıq. “Brent” markalı neftin qiymətinin 2022-ci ildə orta hesabla 102 ABŞ dolları/barel, 2023-cü ildə 85 ABŞ dolları, 2024-2025-ci illərdə isə 55 ABŞ dolları/barel səviyyəsində olacağını gözləyirik. Paralel olaraq, Azərbaycanın da üzvü olduğu OPEC+ ölkələri qrupu 2021-ci ilin iyulunda əldə edilmiş razılaşmaya uyğun olaraq neft hasilatının kvotalarını azaltmaqda davam edir. Fikrimizcə, mövcud vəziyyət Azərbaycanın iqtisadi, fiskal və ödəniş göstəricilərinə fayda verəcək”, – S&P bildirib.

Agentlik qeyd edib ki, bu il Azərbaycanın qeyri-neft sektoru güclü artım nümayiş etdirərək, iyun ayına qədər illik müqayisədə 9,6 % artıb: “Xüsusilə nəqliyyat sektorunda (34 % artım), informasiya texnologiyaları sektorunda (14 %) və sənaye istehsalında (11,5 %) əlverişli tendensiya müşahidə olunub. Bu sahələrin hamısı güclü dinamika nümayiş etdirir”.

“Bununla belə, baza effekti və eyni zamnada yüksək inflyasiyanın istehlak artımını yavaşlatması ehtimalı olduğundan, bu ilin qalan hissəsində tempin yavaşlamasını gözləyirik.

Həmçinin son illərdə iqtisadiyyatın şaxələndirilməsi və struktur islahatlarında yalnız məhdud irəliləyişi nəzərə alaraq, qeyri-neft sektorunda güclü artımın 2022-ci ildən sonra da davam edəcəyini gözləmirik”, – agentlik bildirib.

Əvvəlkiİranda daşqın nəticəsində ölənlərin sayı 22-yə çatıb
NövbətiŞahdağa qar yağıb