Qubada ictimai şuraların ictimai iştirakçılıqda rolu barədə dəyirmi masa keçirilib

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi “Şimal regionunda ictimai şuraların ictimai iştirakçılıqda rolu və ictimai mexanizimlərin təkmilləşməsinin birgə müzakirəsi” adlı layihəsini davam etdirir. Bu gün Quba rayonunun Mədəniyyət Mərkəzində layihə çərçivəsində ikinci Dəyirmi Masa baş tutub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbiri Quba Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Hümanitar Məsələlər Şöbəsinin baş məsləhətçisi Əhməd Nurullayev açaraq, rayonda ictimai iştirakçılığın durumu ilə bağlı qısa məlumat verib.

Layihə rəhbəri Samir Umudov isə Dəyirmi Masanın mövzusu ilə bağlı qısa məlumat verərək bildirib ki, ictimai iştirakçılıq vətəndaşla hökumət arasında daha möhkəm və səmimi əməkdaşlığın yaradılması baxımından əhəmiyyətlidir. İctimai İştirakçılığın istiqamətlərindən biri olan İctimai Şuralar isə hazırda hökumət-vətəndaş münasibətlərində körpü rolu oynayan bir quruma çevrilməyə başlayıb.

Layihənin eksperti Şaban Nəsirov bildirib ki, ictimai şuraların əhəmiyyəti, fəaliyyət istiqamətləri genişlənsə də, bölgələrdə onların mövcudluğundan əhalinin kiçik faizi məlumatlıdır. Bu da onların əhalinin problemlərinin həllində yaxından iştirak etmək imkanlarını məhdudlaşdırır. Bu baxımdan da ictimai şuraların fəaliyyətləti ilə bağlı maarifləndirmə işlərinə böyük ehtiyac var. Mərkəz Bakıda ictimai şuralar vətəndaşları narahat edən bir sıra məsələlərin aidiyyyəti qurumlara yönəldilməsində aktiv iştirak edir. Mərkəzdən fərqli olaraq yerlərdə ictimai şuraların zəif inkişafı özünü göstərir.

Quba rayonu İcra Hakimyyəti yanında İctimai Şuranın üzvü Eynulla Xeyrullayev təmsil olunduğu İctimai Şuranın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, İctimai Şuranın yeddi üzvü var, rayonda bir çox ictimai problemlər Şuranın diqqət mərkəzindədir. Həmçinin vurğulayıb ki, vətəndaşların ictimai şuralar haqqında az məlumatlı olması, ictimai iştirakçılığı zəiflədən əsas amillərdən biridir. Onun fikrincə, bu mövzuda tədbirlərin təşkili gələcəkdə ictimai şuraların fəaliyyətinə təkan verə bilər.

Tədbirdə iştirak edən Quba rayonu İcra Hakimyyəti yanında İctimai Şuranın üzvü, şəhid anası Qalina  Şirinbekova gördüyü işlər barədə tədbir iştirakçılarnı məlumatlandırıb. Eyni zamanda hər zaman yerli sakinlər tərəfindən xüsusi ehtiram və hörmət gördüyünü qeyd edib: “Əslən Ukraynalı olmağıma baxmayaraq, mənim vətənim Azərbaycandır. Qarabağ savaşına dörd övladımı göndərmişdim, biri şəhid oldu, vətən sağ olsun”. İctimai Şura təmsilçisi hazırda əsas vəzifələrindən birinin şəhid və qazi ailələrinin problemləri ilə yaxından  maraqlanmaq və həllinə dəstək olmaqdan ibarət olduğunu deyib.

Daha sonra tədbirdə iştirak edən rayon sakinləri Rübabə Hacıbəyova, Məlahət Məmmədova, Elnarə Cəfərova onları narahat edən sosial problemləri müzakirəyə çıxarıblar. Qeyd ediblər ki, bu cür mövzularda tədbirlərin təşkili problemləri  müzakirə edib, çıxış yolu tapmaqda vətəndaşların köməyinə gəlir.

Tədbirin sonunda layihə rəhbəri tədbirin təşkili üçün rahat şərait yaratdığna görə Quba rayon icra başçısı Ziyəddin Əliyev cənablarına təşəkkürünü bildirib.

ƏvvəlkiAzərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Astanada görüşəcəklər
NövbətiPrezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb