QMİ sədri müqəddəs Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana ibadətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edib, Allah-Təaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təbrikdə deyilir: “Allaha şükürlər olsun ki, builki Qurban bayramı xalqımızın ən möhtəşəm bayram sevinci – Vətən müharibəsindəki Qələbənin qüruru ilə davam edir. Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olunmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azanların səslənməsi İlahi ədalətin bərpası deməkdir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana sonsuz həmd-sənalar edir, Qələbənin müəllifi və sərkərdəsi, Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə “Qarabağ Fatehi” kimi yazılan Zati-aliləri Ali Baş komandan İlham Əliyev cənablarına xeyir-dualar diləyirik!.

Dünya ictimaiyyəti Azərbaycanın siyasi Liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahididir. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin müdavimi olan Prezident İlham Əliyevin misilsiz uğurlarına görə biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız öz müzəffər Lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaqdır, inşallah.

Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, builki bayram qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə iyunun 28-nə təsadüf edir. Həmişə xalqın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü – iyunun 28-29-nu qeyri-iş günü elan edib və bu özəl münasibətinə görə biz müsəlmanlar dövlət rəhbərimizə minnətdarlığımızı bildiririk. Şəri hökmlərə əsasən, Qurban kəsimi üç gün ərzində icra oluna bilər. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət duaları ilə yad etmək, qazilərimizə, yaralılarımıza Allah-Təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq”.

A.Paşazadə bu əziz bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını bir daha təbrik edib, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan təmənna etdiyini bildirib.

ƏvvəlkiPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
NövbətiTAP vasitəsilə 25 milyard kubmetr Azərbaycan qazı nəql edilib