PAŞA Holding 18 yaşınadək olan şəhid övladları üçün geniş dəstək proqramına başlayır

PAŞA Holding 44 günlük Vətən müharibəsi və 2022-ci ilin sentyabrındakı erməni təxribatları zamanı şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün geniş sosial dəstək proqramına start verir.

“Report” xəbər verir ki, sosial dəstək proqramı ilə bağlı keçirilən tədbirdə PAŞA Holding, Baş İcraçı Direktorun müavini Şahin Məmmədov, PAŞA Holding, Dövlət qurumları ilə əlaqələr və KSM departamentinin direktoru Nazim Səfərov, PAŞA Sığorta şirkətinin Marketinq departamentinin rəhbəri Məruz Əzməmmədova, Ombudsman Səbinə Əliyeva və digər şəxslər çıxış ediblər.

Qeyd edək ki, proqrama əsasən, 2023-cü il ərzində hazırda 18 yaşadək olan şəhid övladları üçün bir çox sahələr üzrə sosial layihələr həyata keçiriləcək.

PAŞA Holding və PAŞA Sığorta şirkətləri tərəfindən şəhid övladları üçün yanvar ayından etibarən xüsusi sığorta paketi təqdim ediləcək. Sığorta paketində həm stomatologiya, həm də xroniki xəstəliklərinin müalicəsinə dəstək əhatə olunacaq.

Bununla yanaşı il ərzində keçirilən bayramlarda – Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə həmin şəxslərə PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi tərəfindən müxtəlif məhsullardan ibarət bayram sovqatları veriləcək.

Dekabrın 22-dən etibarən Yeni illə əlaqədar bayram sovqatları “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də iştirakı ilə ailələrə paylanılmağa başlanılacaq.

Sosial Məsuliyyət proqramı çərçivəsində, 2023-cü ildə Vətən müharibəsi zamanı şəhid olan şəxslərin məktəbli övladarı məktəbli ləvazimatları ilə də təmin olunacaq.

Sosial dəstək proqramının ümumilikdə 2 milyon azn təşkil etməsi planlaşdırılır.

Qeyd edək ki, 2020-ci ildən etibarən PAŞA Holding-in əsas məqsədləri sırasında vacib yerlərdən birini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasına, bu ərazilərdə dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə vermək, Vətən müharibəsinin şəhid və qazi ailələrinə dəstək göstərmək təşkil edir. Bunu nəzərə alaraq, şirkət cari proqramların uzunmüddətli davam etməsi planlaşdırır. Təlabatdan asılı olaraq, növbəti illərdə proqramda müvafiq dəyişikliklərin edilməsi də mümkündür.