Vətən müharibəsi şəhidlərinin xatirəsi İsraildə də yad edilib

Sentyabrın 27-də Azərbaycan Turizm Bürosunun İsrail nümayəndəliyinin dəstəyi ilə ölkəmizin İsraildəki səfirliyi tərəfindən Təl-Əviv şəhərində 44 günlük Vətən müharibəsi qurbanlarına həsr olunmuş Anım Günü tədbiri təşkil edilib.

Ölkəmizin İsraildəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə yerli ictimaiyyətin nümayəndələri, Türkiyənin bu ölkədəki səfiri və səfirliyin hərbi attaşesi, İsraildə təhsil alan azərbaycanlı tələbələr və elm adamları, jurnalistlər, habelə diaspor nümayəndələri iştirak ediblər.

Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra çıxış edən səfir Muxtar Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbə, bu Zəfəri qazanmaq üçün canlarını fəda edən şəhidlərimizin göstərdikləri şücaət, müharibənin ilk günündən başlayaraq Azərbaycanın daim yanında olan qardaş Türkiyənin, həmçinin İsrail dövlətinin göstərdiyi əvəzsiz dəstək barədə məlumat verib, ötən həftə Azərbaycanın lokal antiterror tədbirləri həyata keçirərək öz suverenliyini tam bərpa etdiyini bildirib.

Daha sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən hazırlanan və 27 Sentyabr – Anım Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Əvvəlkiİsraildə avtobusun qəzaya uğraması nəticəsində 33 nəfər yaralanıb
NövbətiAzərbaycan dini konfessiyalarının rəhbərləri Zəfər parkı və II Şəhidlər xiyabanını ziyarət ediblər