Ağdamda şəhid Sərvan Göyüşovun valideynləri ilə görüş olub

Ağdam rayonunun Quzanlı qəsəbəsində 15 May – Beynəlxalq Ailə Günü münasibətilə 44 günlük Vətən müharibəsi şəhidi Sərvan Mehman oğlu Göyüşovun valideynləri ilə görüş keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi və Ağdam Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə Quzanlı qəsəbə sakinləri, gənc ailələr, uşaq bağçanın kollektivi və gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş şəhidin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Şəhidin atası Qarabağ müharibəsi veteranı və qazisi Mehman Göyüşov Qarabağ savaşının ilk illərində qardaşının igidliklə vuruşub şəhid olmasından, özünün döyüş yollarından və zabit oğlunun şərəfli həyat yolundan fəxarətlə danışıb, xatirələrini bölüşüb.

Sonda iştirakçılar Sərvan Göyüşovun ev-muzeyi ilə tanış olublar. Şəhidin həyat yolundan bəhs edən film nümayiş edilib. Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən muzeyə xalça hədiyyə verilib.

Bənövşələr qəsəbəsində yaşayan çoxuşaqlı və aztəminatlı ailə ilə də görüş keçirilib, Ailə Günü münasibətilə uşaqlara yay geyimləri və hədiyyələr təqdim edilib.

ƏvvəlkiAğstafada evdə partlayış olub, 6 nəfər xəsarət alıb
NövbətiBaş nazir Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb