Kəngərlidə şəhidlərin xatirəsinə bulaq-abidə ucaldılıb

Kəngərli rayonunun Qabıllı kəndindən Vətən müharibəsinə yollanmış şəhidlərin xatirələrinə ucaldılmış bulaq-abidə istifadəyə verilib.

“Report”un yerli bürosu xəbər verir ki, Vətən müharibəsi şəhidləri Həmid Qasımov, Qurban İbrahimov və İbrahim Əliyevin xatirəsinə ucaldılmış bulaq-abidənin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Daha sonra bulaq-abidə istifadəyə verilib.

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fərid Bağırzadə, şəhidlərin valideynləri, Vətən müharibəsi qaziləri və kənd sakinləri iştirak ediblər.

Çıxış edənlər Kəngərli yurdunun vətənpərvər övladlarının Vətən müharibəsində xüsusilə fərqləndilərini diqqətə çatdırıb, şəhidlərin döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətlərindən söhbət açıb, şəhidlərin vətənpərvər ruhda böyümələrində ailə və məktəbin böyük rolundan danışıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiklərinə görə baş leytenant Qasımov Həmid Oruc oğlu, Xüsusi Təyinatlı Qüvvələrin baş çavuşu İbrahimov Qurban Namiq oğlu və leytenant Əliyev İbrahim Mustafa oğlu Prezident İlham Əliyevin Sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.

Sonda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb, ruhlarına dualar oxunub.

ƏvvəlkiCeyhun Bayramov Rusiya XİN rəhbərinin xüsusi nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə edib
Növbətiİnam Kərimovun tapşırıqları məhkəmə hakimlərinin diqqətinə çatdırılıb