Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi UNESCAP-ın onlayn sessiyasında iştirak edib

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İnformasiya və kommunikasiya texnologiyaları, elm, texnologiya və innovasiya üzrə komitəsinin 3-cü sessiyası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu tədbir təşkilatın sahə üzrə ən yüksək səviyyəli iclası olaraq iki ildə bir dəfə təşkil olunur. Pandemiya ilə əlaqədar olaraq builki sessiya onlayn formatda baş tutub.

İclasa 53 üzv ölkənin nümayəndələri, eləcə də UNESCAP katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri qatılıblar. Azərbaycanı tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edib.

Onlayn formatda keçirilən konfransda öncə təşkilati məsələlərə baxılıb, tədbirin İdarəetmə komitəsinin iclasının sədri və 5 müavini seçilib. Azərbaycan nümayəndəsi Elmir Vəlizadə də sədr müavini seçilib.

İkigünlük tədbirdə UNESCAP-ın Asiya və Sakit okean regionunda pandemiya dövründə texnologiyalardan istifadə, regionda “rəqəmli fərq”in aradan qaldırılması üzrə təşəbbüslər müzakirə edilib.

Bununla yanaşı, Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsinin reallaşması üzrə regionda həyata keçirilən tədbirlər, 2019-2022-ci illər üçün fəaliyyət planının icrası və müvafiq sahədə ölkələrin təcrübələri barədə müzakirələr aparılıb.

İdarəetmə Komitəsinin iclasında nazir müavini Elmir Vəlizadə ölkəmizin İKT sahəsinin inkişafı üzrə siyasəti, həyata keçirilən fəaliyyət, təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq layihələr barədə ətraflı məlumat verib. Ölkəmizin kosmik potensialı, telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi, “bulud” texnologiyalarının tətbiqi, “elektron hökumət” həlləri və digər istiqamətlərdə aparılan kompleks tədbirlər iştirakçıların diqqətinə çatdırılıb

Sonda tədbirin yekun hesabat sənədi qəbul olunub. Sənəddə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən baxılması və həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün bir sıra tövsiyələr öz əksini tapıb. Tövsiyələrdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq üçün kosmik texnologiyaların istifadəsi, rəqəmsal fərqin aradan qaldırılması məqsədilə infrastruktur şəbəkələrinə sərmayələrin artırılması, üzv ölkələrə müvafiq strategiyaların və yol xəritələrinin hazırlanmasına dair dəstəyin verilməsi, eləcə də regionda elm, texnologiya və innovasiya sahəsində bilik mübadiləsi və əməkdaşlığın təşviq edilməsi kimi məsələlər yer alıb.

ƏvvəlkiBakı Nəqliyyat Agentliyi tərəfindən yolayrıclarında “sarı kəsişmə tor”unun təşkili davam etdirilir
Növbətiİranın yeni səfiri Bakıya gəldi