Kürdəmirdə aşıq Şakirin 100 illiyi münasibətilə tədbir təşkil olunub

Kürdəmir rayonundakı Heydər Əliyev Mərkəzində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı Kürdəmir rayon Mədəniyyət Mərkəzi və Azərbaycan Aşıqlar Birliyi (AAB) ilə birgə Əməkdar mədəniyyət işçisi, aşıq Şakir Hacıyevin 100 illiyi münasibətilə tədbir keçirib.

AAB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muzeyin Aran Regional filialının müdiri Yaqut Bahadurqızı Şirvan aşıq mühitinin ən parlaq nümayəndəsi aşıq Bilalın layiqli davamçısı aşıq Şakir Hacıyevin adının bu gün də dillər əzbəri olmasından, sənətinə olan sonsuz məhəbbətdən danışıb. Qeyd edib ki, aşıq Şakir Şirvan aşığı olsa da, onun sənətinə olan məhəbbətin coğrafi məkanı nəinki bütün Azərbaycan, hətta Qafqaz, Dağıstan, Orta Asiya, İranı əhatə edib və məlahətli səsi, zənguləsi ilə ifa etdiyi aşıq havalarına möhürünü vurub.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı Ş.Hacıyevin dövrünün, zəmanəsinin ritmi ilə yaşayan, yazıb-yaradan sənətkar olmasından danışıb. “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişinin bir neçə buraxılışının bütünlüklə aşıq Şakirə həsr olunduğunu vurğulayıb. M.Qasımlı respublikanın ən mötəbər tədbirlərinin, səhnələrinin bəzəyi olan sənətkarın el şənliklərinin, toy-mağarların ən əziz, ən arzulanan qonağı sayıldığını, keçirdiyi məclislərin söz-söhbətinin aylarla dillərdə dolaşdığını, istər lirik sevgi qoşmaları, istər ibrətamiz qoşmaları, istərsə də, əmək qəhrəmanlarından bəhs edən mahnılarının eyni həvəslə dinlənilməsini, söylədiyi dastanların, nağılların şirinliyi ilə də dinləyicisinin yaddaşına əbədi həkk olunmasını vurğulayıb.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı bu möhtəşəm saz-söz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, aşıq Şakir xanəndə kimi də çox sevilib və onun ifa etdiyi havalarda muğam gəzişmələri, xırda boğazlar, zəngulələr aşıq havalarına yeni üslub, zənginlik, şirinlik gətirmiş, eyni zamanda xanəndələrimiz, müğənnilərimiz onun repertuarından bəhrələniblər.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli öz çıxışında aşıq Şakir sənətinin davamçılarına uğurlar arzulayıb və vurğulayıb ki, XXI əsrin əvvəlində ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin ayrılmaz parçası olan folklorumuz və aşıq sənəti haqqında belə demişdi: “Yeni əsrə, yeni minilliyə biz Qorqud irsinin bayrağı altında, Qorqud mənəviyyatını yaşadan insanlar kimi qədəm qoyuruq.” Ulu Öndərin bu dahi kəlamı onun layiqli varisi İlham Əliyevin, mədəni, mənəvi, humanist layihələrin layiqli təmsilçisi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin devizinə çevrilib. Saz-söz sənətçiləri, aşıqlarımız da mənəviyyatımızın, mədəniyyətimizin keşiyində duranlar, həmçinin bayrağımızı daha uca zirvələrdə dalğalandıranlar sırasındadır”.

Jurnalist Tofiq Abdullayev çıxış edərək uzun müddətdən bəri aşıq Şakir haqqında görkəmli şəxslərdən, ziyalılardan, sənət adamlarından topladığı xatirələrdən ibarət 3 kitab ərsəyə gətirdiyini bildirib.

Məclisin sonunda aşıq Şakirin nəvəsi, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, dosent Qətibə Mahmudova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına ustad sənətkara verdikləri dəyərə görə təşəkkürünü bildirib və babasının xatirəsinə həsr etdiyi “Yolun düşsə, bu dünyaya bir də gəl!” adlı kitabını tədbir iştirakçılarına təqdim edib.

Sonra Əməkdar mədəniyyət işçisi, ustad aşıq Ağamurad Şirvanlı, tanınmış xanəndə-aşıq Əvəzxan Xankişiyev, Səfalı Əliyev, aşıq Elman Talıstanlı, gənc aşıqlar Qəlbinur İbrahimli, Elçin Rəşidoğlu aşıq Şakirin repertuarından aşıq havalarını ifa ediblər. Tədbirə Aşıq Şakirin nəvəsi, aşıq Babək Şakirlinin ifasında ustad sənətkarın hər zaman sevə-sevə ifa etdiyi, yaddaşlarda kök salan “Şirvan şikəstəsi” ilə yekun vurulub.

ƏvvəlkiElnur Əliyev Şuşa Qoruğunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb
NövbətiMilli Məclis gələn ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul edib