Daha 4 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 139-a çatıb.

“Startap” şəhadətnamələri “Yol yoldaşı” MMC-nin şəhərlərarası nəqliyyat axtarışı üçün mobil tətbiq, “Prodigitrack” MMC-nin satınalma prosesinin təşkili üçün onlayn platforma, Rafiq Mirzəyevin kənd təsərrüfatı və qida tullantılarından alternativ protein və yağ istehsalı, Aygün Əliyevanın atmosferdən suyun generasiyası üçün avadanlığın istehsalı və satışı layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

ƏvvəlkiYaz semestrində 4252 tələbə təhsil krediti alıb
NövbətiBQXC-nin müşayiəti ilə Xankəndidən gedən erməni Ermənistanda həbs edilib