Cəlilabadda bu mövsüm 160 min tona yaxın kartof tədarük olunub

Cəlilabad rayonunda açıq sahələrdə yetişdirilən tərəvəz məhsullarının yığımı davam edir. Ən yüksək məhsuldarlıq yazlıq kartofda qeydə alınıb. Bu mövsüm sahələrdən 160 min tona yaxın kartof məhsulu tədarük olunub.

AZƏRTAC xəbər verir ki, Cəlilabad rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatı məhsulları sırasında tərəvəzçiliyin xüsusi yeri var. Təkcə kartofçuluqda hər il 5500 hektardan çox sahədə yazlıq məhsul yetişdirilir. Ümumilikdə isə yerli istehsalçılar növbəli əkin prinsipinə uyğun olaraq, demək olar ki, istifadədə olan torpaqları boş qoymurlar. İl ərzində suvarılan torpaqlarda üç, bəzən 4 dəfə müxtəlif növ tərəvəz məhsulu yetişdirə bilirlər. Yazlıq əkilən sahələrdən bu günədək 20 tondan çox pomidor, 13 ton xiyar, 34 ton soğan, 644 ton sarımsaq, 6160 ton noxud məhsulu tədarük olunub. Digər tərəvəz məhsullarının yığımı davam etdirilir.

Fermer Səlim Əmənzadə: “Ümumi 20 hektar sahəm var. Kartofu çıxardandan sonra 8 hektarda növbəti əkin işləri aparmışam. Sahədə badımcan, bolqar bibəri, qırmızı bibər, sort bibəri əkmişəm. Bazara çıxarılan məhsulun qiyməti bizi qane edir”.

Fermer Qismət Əsgərov: “Suvarma sistemi yeni – damcı üsulu ilə qurmuşuq ki, suya da qənaət olsun. Məqsədim təsərrüfatımı daha da böyütməkdir. Digər rayonlardan buraya məhsul almağa gəlirlər”.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, istehsal olunan tərəvəz məhsullarının təxminən 70 faizi intensiv üsulla becərilən sahələrdir. Builki orta məhsuldarlıq da qənaətbəxşdir. Ən yüksək nəticə isə kartofda qeydə alınıb. Orta məhsuldarlıq 290 sentner olub.

Mərkəzin mütəxəssisi İlham Babayev: “Hazırda Cəlilabadda məhsul yığımı davam edir. Hazırda kifayət qədər məhsul toplanıb. Ümumilikdə 5500 hektara yaxın sahədə kartof əkilib”.

Hazırda rayonda məhsul yığımı ilə yanaşı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün şum işləri davam etdirilir.

ƏvvəlkiDanimarka diplomatı yenidən Türkiyə XİN-ə çağırılıb
NövbətiABŞ-ın neft ehtiyatları bir həftə ərzində 6,1 milyon barel azalıb