BDU Elmi şurasının növbəti iclasında tədris və elmi tədqiqatlara dair hesabatlar dinlənilib

Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, iclasda BDU-nun rektoru Elçin Babayev universitet kollektivini qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq arzulayıb.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov 2021-ci ildə BDU-da tədrisin təşkili və təlim texnologiyalarının tətbiqi haqqında hesabat təqdim edib. Bildirilib ki, BDU-da tədrisin idarə edilməsi sadələşdirilərək təkmilləşdirilir. Bu məqsədlə Tədrisin Təşkili və İdarəolunması Mərkəzi yaradılıb. BDU-da 16 fakültə və “SABAH” Mərkəzində ümumilikdə 83 ixtisas üzrə kadr hazırlanır. Universitetin professor-müəllim heyətinin sayı 1359 nəfərdir. Onlardan 238 nəfəri professor, 613 nəfəri dosent, 408 nəfəri isə tədris-köməkçi heyətdir. BDU-da bakalavriat səviyyəsində 21 min 215 tələbə təhsil alır. BDU tələbələrinin 55 nəfəri Prezident təqaüdçüsüdür. Tələbələrdən 4693-ü əlaçı (30 faiz), 5528-i (36 faiz) həvəsləndirici, 5212-si (34 faiz) adi təqaüd alır.

F.İmanov qeyd edib ki, hazırda ənənəvi təlimlə yanaşı, tədris prosesində innovativ metodlar tətbiq olunur və bu metodlar tələbənin intellektual-yaradıcı potensialının istifadəsinə yönəlir.

Sonra BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun (ETİ) 2021-ci il üzrə hesabatı təqdim olunub. İnstitutun direktoru Sədiyar Musayev bildirib ki, ETİ-də Kondensə olunmuş hal fizikası, Nəzəri fizika və Biofizika şöbələri fəaliyyət göstərir. Hesabat ilində elmi-tədqiqat işlərində institutun 64 əməkdaşı iştirak edib. Ötən il ETİ əməkdaşları tərəfindən 130 elmi əsər çap etdirilib, 10 elmi nəticə əldə olunub.

Daha sonra cari məsələlərə baxılıb.

ƏvvəlkiHikmət Hacıyev mayın 2-də Brüsseldə Armen Qriqoryanla görüşəcək
NövbətiŞəhid xanımlarına dəstək layihəsi həyata keçirilib