Rektor Elçin Babayev “Robotex Azərbaycan”da qalib gələn BDU komandalarının üzvləri ilə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda uğurla çıxış edən BDU komandalarının üzvləri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Görüşdə rektor diqqətə çatdırıb ki, bu hadisə komanda üzvlərinin gələcək uğurlarının başlanğıcı olmaqla yanaşı, onların liderlik qabiliyyətlərinin möhkəmlənməsinə də təkan verəcək.

Elçin Babayev qalib layihələrin müəlliflik hüququnun qorunması üçün addımlar atılacağını bildirib.

Görüşdə iştirak edən “Robotex Türkiyə”nin həmtəsisçisi Orxan Çevik bildirib ki, “Robotex”in fəaliyyət göstərdiyi 23 il ərzində ali təhsil müəssisəsi bir dəfəyə belə böyük nailiyyətə ilk dəfə imza atır. Daha sonra Orxan Çevik yarışmanın növbəti mərhələləri barədə məlumat verib. Qeyd edib ki, festivalın Türkiyə mərhələsində qalib gələn komandalara investisiya təşviqi sənədi veriləcək. Layihələrin istehsalata tətbiq edilə bilməsi üçün texnoparklarda ofislər və maliyyə ayrılacaq, marketinq imkanları dəyərləndiriləcək.

Xatırladaq ki, BDU martın 2-3-də keçirilmiş “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda möhtəşəm uğura imza atıb. Çempionatda BDU-nu təmsil edən 7 komandadan 6-sı (“85 Games Studio” və “Brandenburg” komandaları I, “TechTitans” və “Humantek” komandası II, “AITech Group” və “BİLİG” komandaları III yeri) ilk üç yeri tutaraq qalib olub. “QuantumTech” komandası isə Münsiflər heyətinin həvəsləndirici mükafatını qazanaraq növbəti mərhələdə iştirak hüququ əldə edib. Beləliklə, BDU-nun 7 komandasının hər biri “Robotex”in Türkiyədə keçiriləcək növbəti mərhələsində iştirak hüququ qazanıb.

ƏvvəlkiPrezident İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib
NövbətiAzərbaycanla Türkiyə arasında bir sıra sahələrdə əməkdaşlıq müzakirə olunub