Azərbaycanlı qazilər Mersində bir sıra rəsmi və hərbyönümlü şəxslərlə görüşüblər

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə bir qrup Vətən müharibəsi iştirakçısı Mersində rəsmi və hərbyönümlü şəxslərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi iştirakçıları əvvəlcə Mersin Valiliyində və Böyükşəhər Bələdiyyəsində olublar.

Qardaş ölkənin rəsmi şəxsləri Azərbaycanın qazilərini salamlayaraq, onları Türkiyədə görməkdən məmnun olduqlarını bildiriblər.

Bu cür səfərlərin davamlı olaraq təşkil edilməsinin əhəmiyyətinin, qazilərin asudə vaxtının səmərəli təşkilinin, onların cəmiyyətdəki aktivliyinin artırılmasının önəmi müzakirə olunub.

Aralıq dənizi Bölgəsi və Qarnizon komandiri Murat Fırat, Sahil Təhlükəsizlik komandiri Oğuz Bavbek və digərləri ilə görüş zamanı iki ölkə arasında olan qarşılıqlı əlaqələrin bütün sahələrdə özünü göstərdiyi qeyd edilib.

Görüşdə Azərbaycanın qazandığı tarixi Zəfərin əhəmiyyətinə toxunulub, bu Qələbənin bütün Türk dünyası üçün önəmi vurğulanıb.

Türkiyə və Azərbaycan arasındakı əlaqələrin Şuşa Bəyannaməsi ilə getdikcə dərinləşdiyi, ordularının da qardaşlıq birliyinə qədər qüvvətlənən bir model ortaya qoyduğu bildirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinə mümkün olan dəstəyi əsirgəməyib. İki qardaş ölkənin ordularının əməkdaşlığı təkcə Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, eyni zamanda, bölgədə sabitlik və təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir.

Sonra azərbaycanlı bir qrup qazi ilə görüşən Şimali Kipr Türk Respublikasının Mersin baş konsulu Zalihe Mendeli Qarabağ Zəfərinin onları da sevindirdiyini qeyd edib. Baş konsul Şimali Kipr Türk Prezidenti Ersin Tatarın 2023-cü ildə Azərbaycana səfərinin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O, Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin bütün sahələrdə genişlənməsinin əhəmiyyətinə də toxunub.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycan və Türkiyənin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Bakının qurtuluşunda Osmanlı, Türkiyə vətəndaşlarının Nuru paşanın rəhbərliyi ilə böyük şücaət göstərdiklərini, azərbaycanlıların da Çanaqqala savaşında şəhid verdiklərini söyləyib. O, həmçinin vətəndaşlarımızın istiqlal savaşına maddi, mənəvi və insani dəstək verdiklərini bir daha xatırladıb.

ƏvvəlkiİŞİD İrandakı partlayışların məsuliyyətini öz üzərinə götürüb
NövbətiAvtomobil qəzası nəticəsində Xaçmaz şəhəri işıqsız qalıb