Azərbaycanın mədəniyyət naziri Daşkənddə TÜRKSOY-un baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Daşkənddə Adil Kərimli ilə TÜRKSOY-un baş katibi Sultan Rayev arasında ikitərəfli görüş keçirilib.

Görüşdə TÜRKSOY-un 30 illik yubileyi münasibətilə baş katibə təbriklərini çatdıran nazir türk xalqlarının ədəbi-mədəni zənginliklərinin təbliğində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.

Ölkəmizlə TÜRKSOY arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirən Adil Kərimli Azərbaycanın qədim Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasına və Şuşada “paytaxt ili”nin açılış mərasimində şəxsən iştirakına görə Sultan Rayevə təşəkkürünü ifadə edib.

Baş katib Azərbaycanın TÜRKSOY-un fəaliyyətinə verdiyi davamlı dəstəyin əhəmiyyətini vurğulayıb, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin Azərbaycanın bu qədim şəhərinin tarixi-mədəni mirasının daha geniş miqyasda təbliği baxımından böyük fürsət olduğunu bildirib.

Görüşdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və layihələr barədə fikir mübadiləsi aparılıb.

Əvvəlki“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi başlayıb
NövbətiBakıda avtobuslarda nağdsız ödəniş üçün yeni mobil tətbiq hazırlanıb