“Avro-2024”: Futzal millimiz dördüncü səbətdə qərarlaşıb

Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində, “Festhalle” sərgi mərkəzində “Avro-2024”ün seçmə mərhələsinin püşkatma mərasimi olacaq.

AZƏRTAC xəbər verir ki, UEFA Millətlər Liqasının 2022-2023-cü illər mövsümünün qrup mərhələsinin yekununa əsasən, tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, komandaların yer aldığı səbətlərin tərkibi məlum olub. Azərbaycan milli komandası 4-cü səbətdə yer alıb (Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları, Şimali Makedoniya).

Püşkatmaya əsasən, üç qrupda 6, digər yeddi qrupda isə 5 komanda yarışacaq. Millətlər Liqası səbətində olan 4 komanda 5 komandalı qruplarda yer alacaq. VI səbətdəki komandalar onlara rəqib olmayacaq. Qruplarda ilk iki pilləni tutan komandalar birbaşa Avropa çempionatının 2024-cü ildə keçiriləcək final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə Avropa çempionatının seçmə mərhələsində öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlardan sonra bəlli olacaq.

Qeyd edək ki, Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə əldə edib. Almaniya millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq.

ƏvvəlkiRusiya XİN Krım körpüsündəki partlayışın terror xarakterli olduğunu açıqlayıb
NövbətiAzad olunan ərazilərdə ilk turizm mərkəzi Suqovuşanda formalaşdırılır