Almaniya Kansleri: Biz yeni ticarət tərəfdaşları qazanmalı və asılılıqları məqsədyönlü şəkildə azaltmalıyıq

Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqının Çinlə ticarətdə artan disbalans və asılılıqlara qarşı daha fəal siyasət yürütməli, eyni zamanda, yeni ticarət tərəfdaşları qazanmalı olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Kansler alman sahibkarların toplantısında çıxışı zamanı son onilliklərdə qlobal ticarət münasibətlərinin fundamental şəkildə dəyişdiyini deyib. Onun sözlərinə görə, Çin bazar iqtisadiyyatına xas dinamikanı dövlət müdaxilələri, artıq istehsal gücləri, aqressiv qiymət siyasəti, dəyəri aşağı salınmış valyuta və yüksək səviyyədə subsidiyalaşdırılan ixracla birləşdirir. Bu vəziyyət Avropa şirkətlərinə həm Aİ-nin daxili bazarında, həm də üçüncü ölkələrin bazarlarında ciddi təzyiq yaradır. Kansler Aİ-nin 27 üzvünün hamısının Çinlə ticarətdə kəsirlə üzləşdiyini, ümumi kəsirin isə ildə 300 milyard avrodan çox olduğunu bildirib: “Bu gün artıq Avropa İttifaqında Çin Xalq Respublikası ilə ticarət balansında profisitə malik olan bir ölkə də yoxdur”.

F.Merts Almaniyanın ənənəvi əsas sənaye sahələrində – avtomobil, maşınqayırma və kimya sənayesində alman və Çin şirkətlərinin getdikcə daha çox birbaşa rəqabətə girdiyini vurğulayıb.

Almaniya Kansleri ABŞ-nin yeni tarif siyasətinin də qlobal ticarət mühitini dəyişdirdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ-nin yeni tarif rejiminin tətbiqindən sonra əməkdaşlıq və ticarət əhəmiyyətli dərəcədə azalıb. O, bəzi dövlət və hökumət başçılarının iqtisadi açıqlığın qarşılıqlı faydasına əvvəlki kimi inanmadığını qeyd edib.

Bununla belə, Almaniya Kansleri Avropanın yeni reallıqlar qarşısında yalnız müdafiə mövqeyində qalmalı olmadığını deyib. O bildirib ki, Aİ-nin əsas üstünlüyü onun iqtisadi miqyası, texnoloji və sənaye potensialı, eləcə də vahid bazarıdır. “Biz dünyada öz maraqlarımızı qoruya bilərik” deyən F.Merts bunun üçün Almaniya və Avropanın açıqlıq, hüququn aliliyi, ədalətli rəqabət, azad tədqiqat və inkişaf kimi prinsiplərə sadiq qalmasının vacibliyini qeyd edib.

Kansler, eyni zamanda, Avropanın asılılıqlarını azaltmaq və ədalətsiz rəqabətdən qorunmaq üçün daha effektiv ticarət siyasəti alətlərinə ehtiyac olduğunu bildirib: “Biz yeni ticarət tərəfdaşları qazanmaq, asılılıqları məqsədyönlü şəkildə azaltmaq, öz maraqlarımızı qorumaq və dünyada özümüzü Avropanın aparıcı ticarət gücü kimi mövqeləndirmək istəyirik”.

O, 450 milyon istehlakçını birləşdirən vahid Aİ bazarını dünyanın ən böyük bazarlarından biri kimi xarakterizə edib və Çinin özü üçün də Avropa bazarının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

ƏvvəlkiPentaqon: İranla müharibə ABŞ-yə 42 milyard dollara başa gəlib
Növbəti“Brent” markalı neftin qiyməti 109 dolları ötüb