Rusiya XİN Krım körpüsündəki partlayışın terror xarakterli olduğunu açıqlayıb

Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 8-də Krım körpüsündə törədilən partlayışın terror xarakterli olduğunu açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu qurumun sözçüsü Mariya Zaxarova bildirib.

O, Ukrayna rəhbərliyinin hadisəyə münasibətini qınayıb: “Bu, partlayışın terror xarakterli olmasına dəlalət edir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə yanğın başlayıb, partlayış olub. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Rusiyanın Baş naziri Mixail Mişustin hadisəni araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə fərman imzalayıb.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak körpüdəki partlayışın hələ başlanğıc olduğunu söyləyib.

Xatırladaq ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.

ƏvvəlkiBu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək
Növbəti“Avro-2024”: Futzal millimiz dördüncü səbətdə qərarlaşıb