“ƏDV-ni geri al” “İlin innovasiya layihəsi” seçilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Innoweek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “Azərbaycan İnnovasiya Mükafatı”nın nəticələri açıqlanıb. Mükafatlar bu dəfə 7 nominasiya üzrə təqdim edilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətiinin 2020-ci ildə praktiki tətbiqinə başladığı “ƏDV-ni geri al” layihəsi “İlin innovasiya layihəsi” nominasiyasında müsabiqənin qalibi seçilib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, mükafat dekabrın 30-da Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayevaya təqdim olunub.

Ötən ilin mayndan pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi işə salınıb. Alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərini qeydiyyata almaq məqsədilə ayrıca “www.edvgerial.az” portalı hazırlanıb. Portalın əsas əhəmiyyəti təkcə ƏDV-nin geri qaytarılmasında deyil, həm də pərakəndə ticarət və ictimai iaşə sektorunda real dövriyyələrin müəyyən olunmasına xidmət etməkdir. Bu portalın yaradılmasını həm biznes ictimaiyyəti, həm də vətəndaşlar uğurlu layihələrdən biri kimi qiymətləndirir.

Sayca 2-ci dəfə keçirilən “Azərbaycan İnnovasiya Mükafatı” 2019-cu ildə təsis olunub. “İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə yaradılan mükafatlandırma proqramıdır.

Dövlət Vergi Xidməti innovativ layihələrin tətbiqini bundan sonrakı fəaliyyətində də davam etdirəcək.

ƏvvəlkiQazimiz hərbi xidmətini uğurla başa vurdu
NövbətiAzərbaycanda koronavirus infeksiyasından 2383 nəfər sağalıb, 799 yeni yoluxma faktı qeydə alınıb