“Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə yeni raketin sınaq atışı nümayiş etdirilib

“Yüksək Səviyyəli Müşahidəçi Günü”nün sonunda Azərbaycan və Türkiyə hərbçiləri modernizasiya nəticəsində Su-25 hücum təyyarəsinə quraşdırılan yeni raketin sınaq atışı nümayiş etdirilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Atış zamanı təyin olunan hədəf 25 kilometr məsafədən yüksək dəqiqliklə məhv edilib. Raketin effektivliyi yüksək qiymətləndirilib.

Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov beynəlxalq təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Konya şəhərinə gəliblər.

Təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olub, xatirə şəkli çəkdirilib.

Sonra “Anadolu Qartalı” təlim mərkəzinin açılışı olub.

General-polkovnik Z.Həsənov və digər qonaqlar sərgidə “ASELSAN” və “Tubitak” şirkətlərinin nümayəndələri ilə görüşüb, nümayiş etdirilən müasir silah və avadanlıq nümunələri ilə tanış olublar.

ƏvvəlkiOmbudsman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı müraciət yayıb
Növbətiİranda zəlzələ olub, Naxçıvanın rayonlarında hiss edilib