“Yeddi gözəl” Moskva səhnəsində

Fevralın 9-da Rusiyanın Moskva Quberniya Teatrının səhnəsində “Yeddi gözəl” baleti nümayiş olunub.

“Report”un Rusiya bürosu xəbər verir ki, tamaşa baletin müəllifi, böyük bəstəkar Qara Qarayevin 103-cü ildönümü münasibətilə təşkil edilib.

Yeni tamaşanın librettosu Azərbaycanın xalq artistləri – Rəfiqə Axundova və Maqsud Məmmədova məxsus quruluş əsasında balet tənqidçisi A.Maksov tərəfindən hazırlanıb.

A.Maksov qeyd edib ki, Qara Qarayevin bu möhtəşəm əsəri dünya mədəniyyəti üçün böyük əhəmiyyət daşıyır: “O zamankı Azərbaycan repertuarının incilərindən olan bu balet ən sevdiyim əsərlərdəndir. Üstündən on illər keçsə də, bu əsər dəyərini itirməyib, əvvəlkitək həyatidir. Bu, bütün zamanların dahi, müdrik, fəlsəfi əsəridir. Orada Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin musiqisi səslənir. Sənətkarın oğlu Fərəc Qarayev də Rus Balet Teatrının səhnəsinə alqış demişdi. Bu da Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin güclənməsi deməkdir”.

Hazırkı çətin epidemioloji vəziyyətə baxmayaraq, salonu tam dolduran tamaşaçılar həm dahi əsərin mənəvi qüdrətini hiss etdilər, həm də gözəl tərtibatın yaratdığı zəngin təəssüratlar yaşadılar.

“Rus baleti” Dövlət Teatrının bədii rəhbərinin köməkçisi Viktoriya Axundova da tamaşa üzərində həssaslıqla çalışdıqlarını qeyd edib: “Nizaminin poeması və Qara Qarayevin dahi musiqisi əsasında yaradılan bu əsər bənzərsizdir. Artistlərimiz böyük zövqlə çalışıblar. Bu tamaşaya həvəslə baxır və musiqisini dinləyirik. Tamaşaçıların da xoşuna gəldiyinə görə bu əsər üzərində bundan sonra da çalışacağıq”.

Xatırladaq ki, Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri əsasında böyük sənətkarımız Qara Qarayev 1952-ci ildə eyni adda balet yazıb.

ƏvvəlkiAzərbaycan nefti bahalaşır
NövbətiSenatda Trampın impiçmenti prosesi başlayıb