Yanvarın 13-ü axşamdan 15-dək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qar yağacağı gözlənilir

Dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, son onilliklərdə qış fəslində soyuq günlərin sayı azalır, isti günlərin sayı isə artır. Ölkəmizdə şaxtalı, qarlı günlərin sayının azalması, qışın daha mülayim keçməsi müşahidə olunur. Çoxillik meteoroloji muşahidələrə görə son 10 ildə yanvar ayında havanın orta aylıq temperaturu iqlim normasindan 0.1-2.1 dərəcə yüksək olub. Lakin bəzi illərdə bununla yanaşı, anomal soyuq proseslər də müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

“Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkəmizdə qış fəslinə xarakterik, qarlı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Belə ki, yanvarın 10-u şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir”.

Xidmət rəisinin sözlərinə görə, yağıntılı hava şəraiti yanvarın 12-si səhərədək fasilələrlə davam edəcək. Yanvarın 12-si axşam əsasən şimal və qərb rayonlarında, 13-ü axşamdan isə əksər rayonlarda havanın yenidən yağıntılı olacağı və 15-dək davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Dağlıq Şirvan, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgələrində yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 14-15-də gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

N.Mahmudov bildirib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 10-da axşam hava şəraitinin yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi, 13-ü axşamdan 15-dək isə bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”.

Onun sözlərinə görə, yanvar ayının 10-da günün birinci yarısında Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, maksimal sürətinin 18-23 metr/saniyə, gecə və səhər bəzi yerlərdə arabir 30-33 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Əhalini bir daha küləkli günlərdə ehtiyatlı olmağa çağırırıq.

ƏvvəlkiPrezidentliyə nаmizədin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi müddəti başa çatıb
NövbətiPrezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər sənədlərini MSK-ya təqdim etməyib