Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər sənədlərini MSK-ya təqdim etməyib

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib.

“Report”un əldə etdiyi məlumata görə, bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyinin qeydə alınması mümkün olmayacaq.

Çünki həmin şəxslər yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri MSK-ya təqdim etməyiblər.

Xatırladaq ki, ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.

Qeyd edək ki, MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.

MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərovun namizədliyinin irəli sürülməsini təsdiq edib.

Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.

MSK-nın bu il yanvarın 6-da keçirilən toplantısında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

ƏvvəlkiYanvarın 13-ü axşamdan 15-dək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qar yağacağı gözlənilir
NövbətiHacı Əliyevin “Zaqreb Open”ə aparılmamasının səbəbi müəyyənləşib