Xurşidbanu Natəvan haqqında biblioqrafiya çapdan çıxıb

“Xurşidbanu Natəvan” adlı biblioqrafiya işıq üzü görüb.

Nəşrin “Xurşidbanu Natəvanın irsi kitabxana və şəxsi fondlarda” adlı “Ön söz”ünün müəllifi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov, tərtibatçıları Mədinə Vəliyeva və Gülanə Quliyeva, elmi redaktoru professor Kərim Tahirov, redaktoru isə Xeyransa Abbasovadır.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi münasibətilə hazırlanan və ilk təqdimat mərasimi ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən biblioqrafiya Azərbaycanın Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası çərçivəsində hazırlanıb. Biblioqrafiyada XIX əsr tanınmış Azərbaycan şairəsi, Qarabağ xanlığında böyük nüfuza malik Xan qızı Xurşidbanu Natəvanın əsərləri, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapıb.

Yeni nəşr ədəbiyyatşünas alimlər, tədqiqatçılar, jurnalistlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 76 yoluxma faktı qeydə alınıb
NövbətiŞəhid ailələri, müharibə veteranları, qazilər ilə işləyən QHT-lərlə dəyirmi masa keçirilib