Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında professor İsmayıl Məmmədovun 100 illik yubileyi keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi İsmayıl Məmməd oğlu Məmmədovun 100 illik yubileyi qeyd edilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yubiley tədbirində çıxış edən ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev yubilyarın həyat və fəaliyyəti ilə bağlı geniş söhbət açıb. Professor İ.Məmmədovun bir alim, ziyalı kimi Azərbaycanda çoxsaylı gənc alimlərin yetişməsində müstəsna rolundan danışıb. Sonra I cərrahi xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramov görkəmli alimin keçdiyi həyat yoluna, elmi və həkimlik fəaliyyətinə geniş ekskursiya edib.

Professorlardan Çingiz Quliyev, Saday Hənifəyev, dosentlərdən Rəfael Mehdiyev, Səxavət Əliyev də alimlə bağlı xoş təəssüratlarını bölüşüb, maraqlı xatirələrindən danışıblar. Həmçinin alimin keçdiyi həyat yolunun gənclərə örnək olduğunu xüsusilə vurğulayıblar.

Sonda yubilyarın qohumu Əli Həsənov tədbirin təşkili üçün Səhiyyə naziri Oqtay Şirəliyevə, ATU-nun rəhbərliyinə, əməyi keçən hər kəsə, o cümlədən iştirakçılara professor İ.Məmmədovun ailəsi və qohumları adından dərin minnətdarlığını bildirib.

Tədbirdə çıxış edənlər onun parlaq xatirəsinin yaxınları, tələbələri, müəllim kollektivinin qəlbində daima yaşayacağını diqqətə çatdırıblar.

ƏvvəlkiDövlət Turizm Agentliyi tabeliyində olan qoruqlarla bağlı elan verib
Növbəti“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Məmməd Aslanın 80 illik yubileyini qeyd edib