Tbilisidə keçirilən 4-cü İpək Yolu Beynəlxalq Forumunda Azərbaycanın regiondakı rolu xüsusi qeyd olunub

Oktyabrın 26-da Tbilisidə 4-cü İpək Yolu Beynəlxalq Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 60-a yaxın ölkədən yüksəkvəzifəli rəsmi şəxslər, xarici özəl sektor təmsilçisi də daxil olmaqla, 2000-ə yaxın nümayəndə iştirak edib.

Forumun əvvəlində nümayiş etdirilən sənədli filmdə Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin, eləcə də Qara dənizin dibindən keçəcək kabelin dünya ölkələri üçün də əhəmiyyətindən bəhs olunub.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin himayəsi ilə keçirilən Forumun əsas məqsədi İpək Yolu təşəbbüsünün təmsilçiləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün əməkdaşlığın, beynəlxalq və regional ticarət əlaqələrinin dərinləşdirilməsi perspektivlərinin müzakirəsi məqsədilə platforma yaratmaqdır.

Tədbir Avropa və Asiya ölkələri arasında ticari-iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından ən yaxşı imkanlardan biri hesab edilir.

Beynəlxalq tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak edir. Tədbirə, həmçinin Monteneqro və Ermənistanın hökumət başçıları da qatılıblar.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili son illər İpək Yolunun inkişafı, irimiqyaslı enerji, nəqliyyat və logistik layihələrin inkişaf perspektivləri və gələcəkdə görülməsi vacib tədbirlər barədə danışıb, regionda sülhün və sabitliyin vacibliyini xüsusi qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında ölkəsinin regional nəqliyyat layihələrində iştirakda maraqlı olduğunu, bunun üçün lazımi addımların atıldığını bildirib, habelə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlərini bölüşüb.

Azərbaycanın Baş naziri Əli Əsədov çıxışında Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələrdən, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolundan, beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışıb.

Monteneqronun hökumət başçısı da ölkəsinin İpək Yoluna verdiyi diqqətdən, irimiqyaslı enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən söhbət açıb.

Sonra forum panel iclaslarda işini davam etdirilib.

İpək Yolu Forumunun Orta Dəhlizə həsr edilmiş panel müzakirəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Orta Dəhliz Şimal Dəhlizindən daha təhlükəsiz, okeanlardan isə daha sürətlidir.

İkinci paneldə çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib ki, Bakı Dəniz Limanı çox strateji məkanda yerləşir. Limanda yaradılan şərait ekoloji cəhətdən təmiz, yüksək texnologiyalarla və sağlamlığı təmin edən şəkildə qurulub.

Forum işini oktyabrın 27-də davam etdirəcək.

Qeyd edək ki, Tbilisi İpək Yolu Beynəlxalq Forumu 2015-ci ildən etibarən iki ildə bir dəfə keçirilir.

ƏvvəlkiPrezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
NövbətiBDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub