BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun açılışı olub

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və qardaş Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdən əvvəl simpozium çərçivəsində qrafik dizayn sərgisinə baxış keçirilib.

BDU-nun rektoru Elçin Babayev tədbiri giriş nitqi ilə açaraq 2023-cü ilin Türk dünyası və Azərbaycan üçün əlamətdar olduğunu deyib: “Bu il Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya miqyaslı siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edirik. Böyük Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ulu Öndər Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” deyirdi. Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun gücü məhz türk dünyasının bu iki dahi oğlunun düsturuna əsaslanır. Hazırda bütün türk dövlətləri bu düsturun nə qədər uzaqgörən mahiyyət daşıdığının fərqinə varır, onun ətrafında birləşir. Ortaq dil, ortaq tarix, ortaq mədəni irs, ortaq maraqlara malik Türk dünyası birlikdə daha güclüdür. Bu il bütün türk dünyası üçün ikiqat bayramdır. Qardaş Türkiyə Cümhuriyyəti qurulmasının 100-cü ildönümünü qeyd edir. Güclü Türkiyə güclü Azərbaycan, güclü Türk dünyası deməkdir. Ona görə də bu bayram özünü türk hesab edən hər kəsin bayramıdır. Bu iki əlamətdar hadisəni Vətən müharibəsində qazandığımız şanlı Zəfər daha da gözəlləşdirir, rövnəqləndirir”.

Daha sonra Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin İnsan hüquqları və mədəniyyət kafedrasının müdiri, professor Nazire Taşpolatova, Qazaxıstan Avrasiya Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Kairat Omirbayulya, Şimali Kipr Türk Cümhuriyyətinin Lekfe Avropa Universitetinin Kommunikasiya fakültəsinin dekanı, professor Elif Asude Tuncay çıxış edərək konfransın işinə uğurlar arzulayıram.

Tədbirdə BDU və Türk Dünyası Jurnalistlər Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb.

Simpoziumun açılış mərasimindən sonra Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə Ankarada keçirilən “VIII Türk Dünyası Sənədli Film Festivalı”nda Baş mükafatı qazanan rejissor Vaqif Mustafayevin “Fikrət Əmirov” filmi nümayiş olunub.

“Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən festivalda mükafata layiq görülən filmlərin dünyanın doqquz ölkəsində nümayiş etdirilməsi planlaşdırılır.

Filmin ilk nümayişi isə BDU-da keçirilib.

ƏvvəlkiTbilisidə keçirilən 4-cü İpək Yolu Beynəlxalq Forumunda Azərbaycanın regiondakı rolu xüsusi qeyd olunub
NövbətiTürkiyə ilə Türkmənistan Xəzər və Qara dəniz üzərindən tranzit marşrutlarının səmərəliliyini artıracaq