TANAP-in açılacağı tarix məlum oldu

Transanadolu boru kəmərinin (TANAP) açılışı noyabrın 30-da planlaşdırılır.

Trend-in məlumatına görə, bu tarixi Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz səsləndirib.

Nazir bildirib: “TANAP bizim üçün ən mühüm layihələrdən biridir. Biz bu layihəni noyabrın 30-da açmağı planlaşdırırıq”.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.

ƏvvəlkiAtəşkəs rejimi 25 dəfə pozulub
NövbətiBill Geyts yenidən dünyanın ən zəngin adamı oldu