Taekvondoçumuz Rumıniyada qızıl medal və Avropa Oyunlarına lisenziya qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri start götürüb. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

AZƏRTAC xəbər verir ki, millimizin üzvü Səyyad Dadaşov turnirin qalibi adını qazanıb. 54 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz yarımfinalda gürcüstanlı Data Axaladzeni 2:0 hesabı ilə məğlub edib. O, finalda ukraynalı Maksim Manekova da gücünü göstərib. Yenə 2:0 hesabı ilə qalib gələn Səyyad həm qızıl medala, həm də “Krakov-2023”ə lisenziyaya sahib olub.

Xanoğlan Kərimov (63 kiloqram) isə bürünc medalla kifayətlənib. Təmsilçimiz moldovalı Alin Manolu yarışdan kənarlaşdırsa da (2:0), yarımfinalda Kristian Borgenə (Norveç, 0:2) uduzub və üçüncü yeri tutub.

Turnirdə sabah Həmidreza Bədriəliabadi (+87 kiloqram) qüvvəsini sınayacaq. Yarışda hər çəki dərəcəsinin qalibi “Krakov-2023”də iştirak hüququ qazanır.

Qeyd edək ki, Dadaşov Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına vəsiqəni təmin edən 8-ci taekvondoçumuz olub. Ona qədər Qaşım Maqomedov (58 kiloqram), Cavad Ağayev (68 kiloqram), Eltac Qafarov (74 kiloqram), Taleh Süleymanov (87 kiloqram), Minayə Əkbərova (46 kiloqram), Patimat Abakarova (49 kiloqram) və Fəridə Əzizova (67 kiloqram) “Krakov-2023”də iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.

ƏvvəlkiNigeriyada məcburi köçkün düşərgəsində 36 nəfər ölüb
NövbətiQazaxıstanda avtobus piyadaların üzərinə çıxıb, 4 nəfər ölüb