Qazaxıstanda avtobus piyadaların üzərinə çıxıb, 4 nəfər ölüb

Qazaxıstanın Çimkənd şəhərində “Metro” ticarət mərkəzinin yaxınlığında avtobusun səkiyə çıxması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan polisi məlumat yayıb.

Polis qəza zamanı sürücünün avtobusda olmadığını müəyyənləşdirib. “Aprelin 8-də saat 18:30 radələrində “Metro” ticarət mərkəzinin yaxınlığında iki küçənin kəsişməsində sürücüsü olmayan avtobus qarşıdan gələn hərəkət zolağına çıxaraq səkidə 6 piyadanı vurub. Qəza nəticəsində iki qadın və bir yeniyetmə yerindəcə, azyaşlı qız reanimasiyada ölüb. İki nəfər isə xəstəxanadadır”, – məlumatda deyilib.

Hadisə yerinə gələn istintaq-əməliyyat qrupu müəyyən edib ki, sürücü son marşrut üzrə dönmə əməliyyatı edərək, avtobusu əl əyləcinə qoyaraq tərk edib. Sonra avtobus yamacda hərəkətə gələrək piyadaların üzərinə çıxıb.

Sürücü müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

ƏvvəlkiTaekvondoçumuz Rumıniyada qızıl medal və Avropa Oyunlarına lisenziya qazanıb
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 71 yoluxma faktı qeydə alınıb