Şuşa şəhərində sosial infrastruktur layihələri uğurla davam etdirilir

Şuşa şəhərində sosial infrastruktur layihələri uğurla davam etdirilir. Belə layihələrdən biri də modul tipli xəstəxanadır. Hazırda şəhərdə 96 çarpayılıq modul tipli xəstəxana inşa olunur.

Bunu AZƏRTAC-a açıqlamasında Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kazımov söyləyib.

O bildirib ki, müasir standartlara uyğun tikilən xəstəxanada təkcə Şuşa sakinlərinə deyil, həmçinin ətraf qəsəbə və kəndlərdə yaşayan sakinlərə də tibbi xidmət göstəriləcək: “Layihə üzrə işlərə 2022-ci ilin sonunda start verilib. Hazırda ərazidə bünövrə işləri tamamlanır. Bu kompleks 5 binadan – 1 əsas və 4 yardımçı korpusdan ibarət olacaq”. Layihə üzrə işlərin 2 ay ərzində yekunlaşdırılması planlaşdırılır.

Prezidentin xüsusi nümayəndəsi Böyük Qayıdış Proqramına uyğun olaraq, Şuşa şəhərində yeni iş imkanları ilə bağlı görülən işlərdən də danışıb: “Əsas məqsədimiz işləmək qabiliyyəti olan vətəndaşlara burada şəraitin yaradılmasıdır. Bu istiqamətdə işlər bir çox sahəni əhatə edir. Şuşaya turizm, mədəniyyət, tikinti sahələri və s. üzrə mütəxəssislər cəlb olunacaq. Biz bəzi sahibkarlara da tövsiyə etmişik ki, Şuşa sakinləri arasında əmək yarmarkaları təşkil edilsin”.

Eyni zamanda, beşulduzlu otelin inşasının yekunlaşmaq üzrə olduğunu bildirən A.Kərimov, otel tam fəaliyyətə başlayanda yerli işçilərin buraya cəlb ediləcəyini də söyləyib.

ƏvvəlkiBolqarıstan Prezidenti Rumen Radev Azərbaycana işgüzar səfərə gəlib
NövbətiHərbi qulluqçu odlu silahdan açılmış atəş nəticəsində həlak olub