“Sultan”, “Antikvar”… Hərraca çıxarılacaq Qarabağ atları

Azərbaycanda ilk dəfə olaraq “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində auksion vasitəsi ilə bir neçə Qarabağ atının satışa çıxarılması planlaşdırılır.

Bunu Trend-ə “Aqroservis” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova deyib.

Onun sözlərinə görə, satışa çıxarılacaq atlar Ağcabədidə yerləşən Qarabağ Atçılıq Kompleksində bəslənib:

“Hərraca çıxarılacaq Qarabağ atlarının sayı bu günə olan məlumata görə dörddür. Atlar Sahil, Sultan, Zilaxar, Antikvar adlanır. Atlar şəcərəsinə görə adlandırılıb. Hərracın keçiriləcəyi günə qədər də satışa çıxarılacaq atların sayı arta bilər. Hərracın keçiriləcəyi yerdə monitorlarda satışa çıxarılacaq atlar haqqında ətraflı məlumat olacaq. Hərracda iştirak etmək istəyən istənilən şəxs Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə yaxınlaşıb əməkdaşlardan və orda yerləşən monitorlardan satılan atlar barəsində məlumat ala bilər. Amma atlar Qobustanda saxlanılmayacaq. Çünki hərraca çıxarılan atlar xüsusi yerlərdə saxlanılır. İnsanlarda Qarabağ atlarına maraq çox böyükdür”,- deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, aprelin 15-də keçiriləcək auksionda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və sığorta şirkəti tərəfindən sığortalanacaq.

ƏvvəlkiAzerconnect MDB-də “Oracle” xidmətini öz fəaliyyətində uğurla tətbiq edən ilk telekommunikasiya şirkəti oldu
Növbəti“Erkən Nikah və Çarəsizlik” mövzusunda növbəti – V təlim keçirilib