Sülhməramlılar əraziyə zirehli hərbi texnika gətiriblər – Aksiya davam edir

Xəbər verdiyimiz kimi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, etiraz aksiyası davam edir, aksiya iştirakçıları çadrlar qurub və Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsini tələb edirlər.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməmarlıları isə əraziyə xeyli sayda canlı qüvvə və zirehli hərbi texnika cəlb ediblər.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

ƏvvəlkiBirinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib
NövbətiAnkarada Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib