Şimali Makedoniya ilin sonuna qədər TAP-a qoşulacaq

Şimali Makedoniya ilin sonuna qədər qaz saxlanclarını Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstandakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalları ilə birləşdirəcək qaz kəməri layihəsi üzərində işə başlayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski Vyana İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Biz qonşu ölkələrlə, xüsusən də Yunanıstanla birlikdə strateji layihələr üzərində işləyirik və ilin sonuna qədər Şimali Makedoniyaya Trans-Adriatik Boru Kəmərinə, Revituzadakı LNG terminallarına, eləcə də Aleksandrupolisdə tikiləcək yeni terminala qoşulmağa imkan verəcək yeni boru kəməri layihəsinin həyata keçirilməsinə başlayacağıq. Bu, ölkənin enerji müstəqilliyini və enerji təchizatı mənbələrinin şaxələndirilməsini təmin edəcək”, – D.Kovaçevski deyib.

Qeyd edək ki, 2022-ci ildə Aleksandrupolis şəhərində üzən maye qaz terminalının tikintisinə başlanılıb. Yeni terminal 2023-cü ilin sonuna kimi fəaliyyətə başlamalıdır, onun gücü ildə 5,5 milyard kubmetr təbii qaz olacaq. Revituza adasındakı mövcud terminal Afinanın qərbində yerləşir.

Xatırladaq ki, 31 dekabr 2020-ci il tarixində Azərbaycan Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya məqsədli qazın tədarükünə başlayıb. 25 il müddətinə nəzərdə tutulan tədarüklər Avropa bazarına illik 10 milyard kubmetrdən çox ixracı təmin edir ki, bunun da 8 mlrd. kubmetri İtaliyanın payına düşür. Yunanıstan və Bolqarıstan isə hərəyə 1 milyard kubmetr paya malikdirlər.

ƏvvəlkiCeyhun Bayramov Mərakeşin Nümayəndələr Palatasının sədri ilə parlamentlərarası ələqələri müzakirə edib
NövbətiAvropa İttifaqı HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb