Si Cinpin 3-cü dəfə Çin Kommunist Partiyasının baş katibi seçilib

Çin Kommunist Partiyasının (ÇKP) 20-ci qurultayında partiyanın yeni formalaşmış 205 nəfərlik Mərkəzi Komitəsinin oktyabrın 23-də keçirilmiş ilk plenumunda ÇKP-nin Mərkəzi Komitəsinin hazırki baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpin yenidən Mərkəzi Komitənin baş katibi seçilib.

Trend xəbər verir ki, bu barədə bazar günü “Sinxua” agentliyi məlumat yayıb.

Si Cinpin Çin kommunist inqilabının lideri Mao Cedondan sonra 3-cü dəfə partiyanın rəhbəri seçilən ilk şəxsdir. ÇKP-nin Mərkəzi Komitəsinin baş katibi seçilən şəxs Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının növbəti illik iclasında (adətən mart ayının əvvəlində keçirilir) Çin Xalq Respublikasının sədri vəzifəsinə yeganə namizəd olur. 2018-ci ildə ölkə konstitusiyasına edilmiş dəyişiklik bir nəfərin 2 dəfədən çox ÇXR sədri seçilməsinə olan məhdudiyyəti aradan qaldırıb.