Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur

Noyabrın 5-də Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır. Çinin Ticarət Nazirliyinin, Şanxay meriyasının və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə keçirilən sərgiyə 154 ölkə və beynəlxalq təşkilatdan 3400 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 289 şirkət qatılıb. Təxminən 410 min peşəkar ziyarətçi sərgi üçün qeydiyyatdan keçib. Şanxay sərgisində 70-dən çox ölkənin milli stendi ilə yanaşı, müxtəlif sahələr üzrə şirkətlərin biznes pavilyonları da fəaliyyət göstərir. Noyabrın 10-dək davam edəcək sərginin gedişində 400-dən çox məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Bir neçə ölkənin Baş nazirinin, yüksək vəzifəli rəsmi şəxslərinin qatıldıqları açılış mərasimində Çinin Dövlət Şurasının Sədri (Baş nazir) Li Çian çıxış edərək, sərginin Çin xarici ölkələrlə iqtisadi-ticari əlaqələrin inkişafındakı rolundan danışıb.

Sərgidə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

Çin Beynəlxalq İdxal Sərgisinin davamlı iştirakçılarından olan Azərbaycanın İqtisadiyyat Nazirliyi və Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə sərgidə vahid ölkə və kommersiya stendləri fəaliyyət göstərir. Birinci stenddə ölkəmizin turizm, innovasiya, “yaşıl” enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət, xalçaçılıq kimi sahələrdə qazanılan nailiyyətləri, perspektivlər, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri haqqında materiallar nümayiş olunur.

“Made in Azerbaijan” stendində isə Azərbaycan şirkətlərinin istehsal etdikləri şərab brendləri, digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, fındıq, nar şirəsi, konservlər və digər məhsullar nümayiş olunur. Ziyarətçilərə Azərbaycan məhsullarına dair kataloqlar təqdim edilir, məhsulların dequstasiyası keçirilir. Stenddə ikitərəfli görüşlər üçün xüsusi yerlər ayrılıb ki, burada Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr apara bilirlər.

Stenddə AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunur, ziyarətçilərə ölkəmizdə sahibkarlara göstərilən dəstək, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə müvafiq materiallar təqdim olunur.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir. Son bir neçə onillikdə Çinin sosial-iqtisadi inkişafı əhalinin maddi gəlirlərinin yüksəlməsi ilə müşayiət olunur. Əhalinin orta gəlirli təbəqəsinin sayının 400 milyon nəfərə çatması ölkədə daha keyfiyyətli və geniş çeşiddə məhsullara və xidmətlərə, başqa sözlə, idxala ehtiyacı artırıb. Şanxay sərgisi də Çinin bu idxal planının reallaşmasına xidmət edir.

ƏvvəlkiQazaxıstan Çin şirkətlərinə Transxəzər marşrutundan daha aktiv istifadə etməyi təklif edib
NövbətiAvropa çempionatı: son gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq