Sabah Ağgöl və Şirvan milli parklarında “Açıq qapı” günüdür

Ağgöl və Şirvan milli parklarının yaranması günü ilə əlaqədar iyulun 5-də hər iki milli parkda “Açıq qapı” günü təşkil olunacaq, maarifləndirici və əyləncəli tədbirlər keçiriləcək.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva AZƏRTAC-a bildirib ki, Ağgöl milli parkını ziyarət edən turistlər milli parkın təbiəti ilə tanış olacaq, quşları və digər fauna növlərini müşahidə edə biləcəklər: “Şirvan milli parkında isə ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari turu təşkil ediləcək”.

Xidmət rəsmisi qeyd edib ki, Ağgöl və Şirvan milli parkları 2003-cü il iyulun 5-də su-bataqlıq ekosisteminin mühafizəsi, köçəri və oturaq quş növlərinin, ceyranların qorunması məqsədilə yaradılıb.

“Zəngin biomüxtəlifliyə malik milli parklarda müxtəlif yaş kateqoriyasına uyğun marşrutlar fəaliyyət göstərir ki, turistlər həmin marşrutlar boyunca unikal təbiət mənzərələrini seyr edə və dincələ bilərlər. İstirahətinizi açıq havada, təbiət gözəlliklərindən zövq alaraq maraqlı keçirmək istəyirsinizsə, Ağgöl və Şirvan milli parkları yolunuzu gözləyir”, – deyə A.Babayeva bildirib.

ƏvvəlkiŞarl Mişel Prezident İlham Əliyevə zəng edib
Növbəti“3+3” platformasının növbəti iclası Tehranda keçiriləcək