Şəhriyar Məmmədyarov FIDE reytinqində üçüncü yerdədir

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqində əvvəlki mövqedə qalıb.

AZƏRTAC xəbər verir ki, Şəhriyarın aktivində 2817 xal var.

Reytinqin lideri hazırkı dünya çempionu, norveçli Maqnus Karlsendir (2835). İkinci yeri amerikalı Fabiano Karuana (2832), üçüncü yeri isə Məmmədyarov tutur.

Xatırladaq ki, Maqnus Karlsen və Fabiano Karuana şahmat tacı uğrunda matçda qarşılaşacaqlar. Bu matç noyabr ayında Londonda keçiriləcək.

Qadınların reytinqində çinli Hou İfan (2658) yenə birinci yerdə, onun həmvətəni Tszyuy Ventszyun (2568) ikinci yerdədir. Üçüncü pilləyə ukraynalı Anna Muzıçuk (2564) qalxıb.

Reytinqdə ilk yüzlüyə aşağıda sadalanan Azərbaycan şahmatçıları da daxildir: Teymur Rəcəbov (2757) – 14-cü yer, Arkadi Naydinç (2736) – 20-ci yer, Rauf Məmmədov (2703) – 40-cı yer, Eltac Səfərli (2671) – 72-ci yer və Qədir Hüseynov (2664) – 82-ci yer.

ƏvvəlkiAstanada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib
NövbətiSumqayıtda kənd təsərrüfatı yarmarkası başqa yerə köçürülür