Rövşən Nəcəf: “Dostluq” yatağı faydalı əməkdaşlıq üçün yeni imkanlar açır”

“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu Azərbaycan və Türkmənistan üçün neft-qaz sektorunda faydalı əməkdaşlıq üçün yeni imkanlar açır”.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bunu şirkətin prezidenti Rövşən Nəcəf rəhbərlik etdiyi nümayəndə heyətinin 27-ci “Türkmənistanın nefti və qazı – 2022” beynəlxalq sərgi və konfransında iştirak etmək məqsədilə Türkmənistanın paytaxtı Aşqabada səfəri zamanı bildirib.

Məlumata görə, sərgi-konfransın “Enerjinin gələcəyi – yeni çağırışlar və imkanlar” mövzusunda keçirilən plenar sessiyasında çıxış edən R.Nəcəf iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından bəhs edib, Cənub Qaz Dəhlizinin ölkəmizlə yanaşı, region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarıldığını qeyd edən SOCAR prezidenti şirkətin neft-qaz sektorundakı çoxşaxəli fəaliyyəti, Xəzər hövzəsində malik olduğu imkanlar və uzunmüddətli strateji hədəfləri barədə də danışıb.

ƏvvəlkiSumqayıtda ağacların kəsilməsi nəticəsində təbiətə 26 min manatdan çox ziyan dəyib
NövbətiPrezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib