Qərbi Azərbaycan İcması Ermənistan XİN başçısına cavab verib: “Riyakarlıq edir”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi son açıqlamalar növbəti riyakarlıq nümunəsidir.

“Report”un xəbərinə görə, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi son açıqlamalar növbəti riyakarlıq nümunəsidir. “Yeni sərhəd xətti yaratmaq lazım deyil” deyən erməni nazir nədənsə “unudur” ki, 2020-ci ilə qədər məhz onun ölkəsi son vaxtlar bəh-bəhlə danışdıqları Almatı bəyannaməsini də pozaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqla faktiki olaraq yeni sərhəd xətti yaratmağa can atıb.

Ermənistan üçün 30 il ərzində sərhəd xətti Ağdam, Füzulidən keçirdi və elə həmin Ararat Mirzoyan Vətən müharibəsinin ilk günlərində “Biz güclüyük. Biz qalib gələcəyik. Ermənistan ordusuna eşq olsun” kimi işğalı dəstəkləyən boğazdan yuxarı açıqlamalar verirdi. Başları daşa dəyəndən sonra Ermənistan rəsmilərinin indi məzlum görüntüsü almaları ikrah doğurur.

Ermənistanın “Qarabağda erməni mədəni irsinin qorunması” məsələsini Avropa İttifaqı ilə müzakirə etməsi ölkəmizin suverenliyinə qarşı açıq-aşkar təhdiddir. Ararat Mirzoyan Azərbaycan xalqının mədəni irsinin mühafizəsi məqsədilə UNESCO missiyasının Ermənistana göndərilməsi ilə məşğul olmalıdır.

ƏvvəlkiXİN: Cozep Borrellin Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik
NövbətiAvropa çempionatı: Azərbaycanın qadın güləşçiləri mübarizəyə qoşulurlar