Qərbi Azərbaycan xalçalarının Milli Xalça Muzeyində sərgisi açılıb

Dekabrın 5-də Milli Xalça Muzeyində ilk dəfə olaraq “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil edilən sərgi Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlib.

Sərgidə Milli İncəsənət Muzeyinin direktoru, sərginin layihə rəhbəri Şirin Məlikova, “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərginin açılış mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Qərbi Azərbaycan xalçaçılığından danışıb, onun Azərbaycan xalçaçılığının ayrılmaz tərkib hissəsi kimi dəyərləndirib. Qadınlar Şurasının sədri Qərbi azərbaycanlıların doğma yurdlarından deportasiya olunması ilə bu bölgənin xalçaçılığına da böyük zərbə vurulduğunu diqqətə çatdırıb. Deputat qeyd edib ki, uzun illər Ermənistan tərəfindən bu xalçaların mənimsənilməsi və erməni xalçaları kimi təqdim edilməsi bu sənətə ciddi ziyan vurub. O, sovet dövründə Azərbaycan xalçaçılıq sənətinin təbliğ olunmasına qarşı çıxıldığını da vurğulayıb. Bildirib ki, bütün maneələrə baxmayaraq, Qərbi azərbaycanlılar hər zaman ata-babalarından miras qalmış sənəti qoruyub saxlayıblar.

Qeyd edək ki, Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid rayon və kəndlərdə müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı sərgidə nümayiş olunur.

Sərgidə nümayiş olunan xalçalar doğma yurdlarından məcburi deportasiya edilmiş soydaşlarımızın özləri ilə gətirdikləri, əziz, müqəddəs əşya kimi qoruduqları “Qasımuşağı”, “Ləmpə”, “Muğan”, “Qubadlı”, “Gəncə” və s. xalçalarıdır. Qadınlarımız Qərbi Azərbaycanda məşhur kompozisiyalar əsasında toxuduqları bu nümunələrdə klassik ənənələrə söykənərək zəngin naxış və kolorit həllindən bəhrələniblər. Eyni zamanda, toxuduqları xalçalara öz duyğu və hisslərini qatmaqla, həmçinin fərqli kolorit və məlumat xarakterli detalları ustalıqla verməklə onları özünəməxsus etməyi bacarıblar.

Sərgidə maraqlı kompozisiya quruluşu ilə seçilən xovsuz xalça şəddə və məişətdə geniş istifadə edilən xalça məmulatı xurcun da nümayiş olunacaq.

Sərgidə nümayiş olunan xalçalarla bağlı Azərbaycan və ingilis dillərində kataloq da çap olunub.

Sərgi yanvarın 5-dək davam edəcək.

ƏvvəlkiPrezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
NövbətiSOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulub