“Parabüzən” sənədli filminin təqdimatı olub

“CinemaPlus 28 Mall” kinoteatrında 1993-cü il martın 31-dən mayın 23-dək erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı çəkilən “Parabüzən” qısametrajlı sənədli filminin təqdimatı olub.

“Report”un məlumatına görə, təqdimat mərasimində Prezident Administrasiyasının sektor müdiri Kamran Həsənov, Milli Məclisin deputatları Mahir Abbaszadə, Hikmət Babaoğlu, Naqif Həmzəyev, Ceyhun Məmmədov, Vüqar İskəndərov, Elman Nəsirov, Müşfiq Məmmədli, Fatma Yıldırım, Bəhruz Məhərrəmov, Jalə Əhmədova, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, “Global Media Group”un təsisçisi Elnur Abdullayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Müdafiə Nazirliyinin zabitləri, Birinci və İkinci Qarabağ müharibəsinin qaziləri, digər dövlət rəsmiləri, vaxtilə mühasirədə qalmış şəxslərin bir qrupu, Laçından olan ziyalılar, media rəhbərləri, QHT təmsilçiləri iştirak ediblər.

Cavid Osmanovun aparıcılığı ilə keçirilən tədbirdə əvvəlcə film barədə məlumat verilib.

Bildirilib ki, “Parabüzən”nin ideyası “Report” İnformasiya Agentliyinə məxsusdur. Ekran əsəri “Global Media Group”un maliyyə və texniki dəstəyi ilə ərsəyə gəlib.

Filmin direktoru Fuad Hüseynəliyev, quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri İmdad Əlizadə, operatoru Ağa Nağıyev, montajçı Arzum Nuruşzadədir. Dron çəkilişlərini Ağa Nağıyev aparıb.

Kadrlar 19 nəfərin mühasirəyə düşdüyü yer – Kəlbəcərin Çaykənd kəndi, mühasirədə qaldıqları ərazi – Laçının Oğuldərə kəndi və mühasirəni yardıqları yer – Laçının Güləbird kəndində lentə alınıb.

Filmdə 19 nəfərin mühasirəyə düşməsi, 54 gün ərzində düşməndən necə gizlənməsi, mühasirədən hansı yolla çıxmasından bəhs olunur.

Filmin direktoru, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib ki, ekran işi Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin qətiyyəti, şəhidlərimizin qanı və qazilərimizin əzmi bahasına Qarabağın azad olunduğuna görə ərsəyə gələ bilib:

“Filmin çəkildiyi ərazilər hələ də işğal altında olsaydı, heç bir çəkiliş baş tutmazdı. Ona görə də torpaq uğrunda canlarından keçən şəhidlərin ruhu qarşısında baş əyir, qazilərimizə sağlamlıq diləyirəm. Bu mövzuda daha əvvəl də film çəkilmişdi, lakin o vaxt biz hadisələrin yaşandığı ərazilərə gedə bilməmişdik. Lakin artıq torpaqlarımız işğaldan azad edildikdən sonra biz mühasirədə qalmış şəxslərlə birlikdə hadisələrin yaşandığı ərazilərə gedərək, 29 il əvvəl baş verənləri sənədli filmə çevirdik”.

Filmin adının nə üçün “Parabüzən” olmasına isə filmin quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev aydınlıq gətirib. O deyib ki, parabüzənlə bağlı çox qəribə olsa da, təsadüfi və ya mistik hadisə baş verib: “Hər kəs mühasirəyə düşənlərin Kəlbəcər tərəfdən gələcəyini gözləsə də, mühasirədə olan Əli Əliyevin oğlu İmdad Əlizadənin uçurduğu parabüzən hər kəsin düşündüyünün əksinə tam fərqli istiqaməti göstərib. Bu, dəfələrlə belə davam edir. İlahi qüvvədir deyə düşünürəm. Hətta İmdad bir müddət parabüzəndən küsür, bu özü də çox təsirli məqamdır. Nəticədə isə həqiqətən də mühasirədən qayıdan 19 nəfər məhz parabüzənin göstərdiyi istiqamətdən qayıdıb. Biz çalışdıq ki, bu filmdə 19 nəfərin 54 gün ərzində həyata tutulmasını, bir-birinə dəstək olmasını göstərək. 29 il sonra bizə bu ərazilərə yenidən qayıtmağı isə Ali Baş Komandanın tapşırığı altında Azərbaycan Ordusu yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Filmin prodüseri, “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə isə qeyd edib ki, filmdə əsas məqam ermənilərin istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində dinc sakinlərə qarşı törətdikləri zülmü ictimaiyyətə göstərməkdir:

“Bu filmin çəkilişlərinə 3 ay öncə başladıq. Film Kəlbəcər və Laçın rayonları ərazilərində lentə alınıb. Həmin yerlərə yenidən getmək, o hissləri yenidən yaşamaq çox başqa bir duyğudur. Bunu sözlə ifadə etmək çətindir. Bu film Ermənistanın Azərbaycana, mülki vətəndaşlara qarşı törətdiyi terror aktını, qeyri-insani davranışlarını, hərbi təcavüzünü göstərdiyi sənədli filmdir. Bu, heç bir ssenaristin, rejissorun təxəyyülünün məhsulu deyil, filmdə çəkilənlər də aktyorlar deyil. Bu film 19 nəfərin 54 gün ərzində erməni mühasirəsində nələr yaşamasından, necə həyatda qalmasından bəhs edir. Tam olaraq real baş verən hadisələrin lentə alındığı bu film kimi bir çox filmlərin lentə alınması düşünürəm ki, önəmlidir”.

Daha sonra 25 dəqiqəlik müddəti əhatə edən film nümayiş olunub.

Film alqışlarla qarşılanıb.

ƏvvəlkiBirinci vitse-prezident Mehriban Əliyeva dirijor Rauf Abdullayevi yubileyi münasibətilə təbrik edib
NövbətiCənubi Koreyada Hellouin bayramında 120 nəfər ölüb, onlarla insan xəsarət alıb