Naxçıvanda Peşələr Festivalı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalı bu dəfə Naxçıvan şəhərində baş tutub.

“Report”un yerli bürosu xəbər verir ki, “Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyindən Pənah Mehdiyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.

Naxçıvan sakinləri tərəfindən böyük maraqla qarşılanan tədbirə 8 minə yaxın şəxs qatılıb.

Tədbirdə çıxış edən A. Kərimov ötən il də uğurla baş tutan Festivalın gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini, düzgün peşə seçiminin, gələcəyin peşələri barədə məlumatlılığın artırılmasının əhəmiyyətini qeyd edib.

Daha sonra qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, peşələr üzrə ekspertlərlə söhbət ediblər.

Qeyd edək ki, bu dəfə də ölkənin 10 rayon və şəhərində keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.

Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilir.

Festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumatlar da verilir.

Festivalın sonunda iştirakçılar arasında lotoreya təşkil olunub, qaliblərə müxtəlif hədiyyələr təqdim edilib.

Növbəti festival 14 noyabr 2023-cü il tarixində Cəlilabadda keçiriləcək.

ƏvvəlkiAzərbaycan gimnastı dünya çempionatında qızıl medal qazanıb
NövbətiGöyçayda XV Nar Festivalına start verilib