Naqif Həmzəyev: 26 illik atəşkəs müddətində ən ciddi dönüş nöqtəsi 2016-cı ilin aprel döyüşləri oldu

Bu gün atəşkəsin elan edilməsindən 26 il ötür. «Bişkek protokolu»nun Azərbaycan üçün əhəmiyyəti müxtəlif aspektlərdə təhlil olunmaqdadır. Atəşkəsin əldə olunmasının ölkəmiz üçün əhəmiyyəti nə oldu?

Bu barədə Versus.az-a açıqlama verən deputat Naqif Həmzəyev bildirib ki, ulu öndər Heydər Əliyev ölkədə sabitliyin möhkəmləndirilməsi, bütün sahələrdə inkişafın sürətləndirilməsi üçün atəşkəs sazişinin imzalanmasının zəruriliyini daim önə çəkib və bu istiqamətdə ciddi səylər göstərib:

“Dahi şəxsiyyət 1997-ci il oktyabrın 15-də Azərbaycan Respublikası hərbi təyyarəçilər məktəbinin ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdəki çıxışında Azərbaycanla Ermənistan arasında atəşkəsin əldə edilməsi barədə “Bişkek protokolu”nun ölkəmiz üçün əhəmiyyətinə geniş aydınlıq gətirib. Ulu öndər öz çıxışında deyirdi: Biz … Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə ediləndən sonra yaranmış şərait nəticəsində respublikamızın Ordusunun, Silahlı Qüvvələrinin yaradılması ilə ciddi məşğul olmağa imkan əldə etdik. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə ilk illərdə soxulmuş və Silahlı Qüvvələrimizi içəridən dağıtmağa, parçalamağa, ölkəmizin milli mənafelərinə zərər vurmağa cəhd edən dəstələr, qüvvələr artıq zərərsizləşdiriliblər. Bizim Silahlı Qüvvələr bu cür cinayətkar, xəyanətkar dəstələrdən, qruplardan, qüvvələrdən, demək olar ki, təmizlənibdir”.

“Atəşkəs sənədinə Dağlıq Qarabağ da imza atıb” cəfəngiyyatı absurd və heç bir əsası olmayan iddiadır”

N.Həmzəyev atəşkəsdən sonra Ermənistan tərəfinin atəşkəsə əməl etmədiyini, eləcə də danışıqların nəticəsiz qalması səbəblərinə toxunub. Bildirib ki, 26 illik atəşkəs müddətində ən ciddi dönüş nöqtəsi 2016-cı ilin aprel döyüşləri oldu:

“Azərbaycan Ordusunun parlaq tarixi zəfərlərindən olan şanlı Aprel döyüşlərinin bir neçə gün davam etməsinə baxmayaraq dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini, ən əsası isə Azərbaycan xalqının qələbə əzmini, ədalətin tezliklə bərpa ediləcəyini göstərdi”.

Deputat atəşkəs haqqında saziş layihəsinin tərəflərə təqdim edilməsinə baxmayaraq, danışıqların nəticəsiz qalması səbəblərinə birmənalı yanaşmayıb:

“Ermənistan-Azərbaycan danışıqlarında fikir ayrılığına səbəb olan əsas amillərdən biri protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub. Əslində sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atıblar. Bu gün ermənilərin və ermənipərəstlərin uydurduğu “Atəşkəs sənədinə Dağlıq Qarabağ da imza atıb” cəfəngiyyatı absurd və heç bir əsası olmayan iddiadır. Sənədə Dağlıq Qarabağın münaqişədə olan icmalarının hər ikisi imza atıb”.

Deputat Qarabağ münaqişəsində atəşkəsə nəzarət  missiyasını daşıyan ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini nə dərəcədə yerinə yetirməsi ilə bağlı ortaya çıxan nüanslara birmənalı yanaşıb. O, bildirib ki, hesabat xarakterli səfərlər və mücərrəd ifadəli bəyanatlar Minsk qrupunun fəaliyyətsizliyindən xəbər verir:

“1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının regionda davamlı sülh və sabitliyin bərqərar olmasına əsas əngəl olduğu dəfələrlə vurğulanıb, münaqişənin həlli üçün əsas məsələ Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyi diqqətə çatdırılıb. ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəfələrlə regiona səfər etməsinə baxmayaraq, heç bir nəticə əldə edilməyib.

Ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməyib. Buna səbəb bir tərəfdən Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların, qarşılıqlı güzəşt prinsipini üstün tutmasıdır.

Mən fikrimi Azərbaycan Prezidentinin çıxışı ilə tamamlamaq istərdim. Ölkə başçısı hər çıxışında tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyimizə əminliyini bəyan edir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq – İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq””.

 

T.Qafarlı
Versus.az