Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTİ-nin sertifikatına və gümüş medala layiq görüldü

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransı bu gün başa çatıb.

Tədbirin sonunda Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasındakı əlaqələrin 10 illiyi münasibəti ilə nazirliyə sertifikat təqdim olunub. Sertifikatda BTİ ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.

100-dən artıq ölkədən 5000-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə BTİ tərəfindən gümüş medalla mükafatlandırılıb.

“ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransında ölkəmiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunub.

Sərginin təşkili və Milli Pavilyonun qurulmasındakı xidmətlərinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi də sertifikata layiq görülüb.

Gələn il “ITU Telecom World 2020” beynəlxalq sərgi-konfransı Vyetnamın Hanoy şəhərində keçiriləcək.

ƏvvəlkiBakıda tıxacın qarşısını almaq üçün işıqforlarda “yaşıl dalğa” tətbiq ediləcək
NövbətiNazirlik bilyard üzrə yüksək nəticə göstərən əməkdaşını Fəxri fərmanla təltif edib