Azərbaycan və Çin arasında nəqliyyat üzrə işçi qrupu yaradılır

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında nəqliyyat üzrə işçi qrupunun yaradılması məqsədilə ölkəmizdə səfərdə olan Çin nümayəndə heyəti ilə geniş tərkibli görüş keçirilib.

Görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Çin nümayəndə heyətinə Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamentinin Baş direktoru Xu Yahua rəhbərlik edib.

Görüş zamanı Çindən Avropaya və əks-istiqamətdə yükdaşımaları zamanı Mərkəzi Dəhlizin imkanlarından istifadənin təşviqi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımalarına Çin əyalətləri tərəfindən subsidiyaların ayrılması, Bakı-Tbilisi-Qars yeni dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadənin genişləndirilməsi müzakirə olunub.

Eyni zamanda, Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında baxılmaqda olan beynəlxalq avtomobil daşımaları və kombinə edilmiş yükdaşımaları haqqında Saziş layihələri üzrə danışıqların davam etdirilməsi və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

ƏvvəlkiAzərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
NövbətiAvropa İttifaqı Bosniya və Herseqovinadakı qaçqın düşərgəsini ləğv etməyi tələb edir